Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə yüksəlməsində mühüm rol oynayır. Bunu imzalanan sənədlər və ölkə başçılarının bəyanatları da sübut edir.

“AzPolitika” xəbər verir ki, bu gün Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir. Bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib. "Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Dövlət başçıları "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı"nı və "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov mübadilə ediblər.

Görüş zamanı Qarabağın bərpası mövzusuna da toxunulub. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib. Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında çıxış edən dövlətimizin başçısı deyib:

"Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.

Tərəflər arasında münasibətlərin daha da yaxınlaşdığını göstərən önəmli məqamlardan biri ölkə başçılarının bir-birinə təqdim etdikləri ali dövlət mükafatları olub.

"Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Məhz buna görə də əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Qırğızıstan Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif etmək barədə qərar qəbul etmişəm", – deyə Sadır Japarov bildirib.

Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin əldə etdiyi uğurlardan danışıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Heydər Əliyev ordeni ilə təltif edilib. Sadır Japarova Heydər Əliyev ordeni Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilib.

Nəhayət, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha bir nümunəsi - Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb. Bununla bağlı iki ölkə arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Belə ki, Azərbaycanın Şuşa şəhəri ilə Qırğızıstanın Çolpon-Ata şəhəri arasında, Qəbələ şəhəri ilə Karakol şəhəri arasında, Gəncə şəhəri ilə Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında anlaşma memorandumları imzalanıb.

“AzPolitika.info”