İyulun 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Şəhriyar adına Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin Almaniyanın Leypsik Universitetində çapdan çıxmış “Cinayət hüququ. Ümumi hissə” fundametal kitabının təqdimat mərasimi keçirilib. İ. Ağayev hal-hazırda Vürtsburq Universitetinin professorudur.
Sabiq deputat, elm və təhsil bilicisi Etibar Əliyev bu tədbirlə bağlı özünün sosial şəbəkə hesabındakı paylaşım edib. O, yazıb: “Belə bir alimimizlə qürur duyuruq. Professorun adı çəkilən kitabının 8-ci nəşri yeni fədris ilində Hüquq fakültəsinin tələbələri və tədqiqatçılar üçün misilsiz vəsaitdir, hədiyyədir. Kitab əslində Hüquq fəlsəfəsidir və fənlərarası tədqiqat baxımından indiyə qədər yazılmış əsərlərdən elmi tutumuna görə fərqlənir. Müəllif kitabın yazılmasında alman, ingilis və digər dillərdə çap olunmuş 206 fundamental əsərdən istifadə edib. Bu faktın özü yenilikdir, böyük axtarış və zəhmətdir, gələcəkdə kitab yazan alimlər üçün örnəkdir.

Dəvətə və kitab barədə söz demək imkanı yaradıldığına görə dəyərli İsfəndiyar müəllimə təşəkkür edirəm.
Bütün elm sahələri üzrə yeni sanballı kitabların yazılması elm və təhsildə mühüm hadisə kimi dəyərləndirilməlidir. Və nəzərə almalıyıq ki, Azərbaycan universitetləri ciddi dərslik və tədqiqatçı - müəllim problemi yaşayır. İsfəndiyar müəllim kimi xaricdə nüfuzlu universitetlərdə tədris və tədqiqatla məşğul olan digər alimlərimiz də bu problemin həllində köməkliklərini əsirgəməməlidirlər.
Zəruri qeyd: Dəyərli Vətən oğlu İsfəndiyar Ağayevə həm də Azərbaycanımızı Almaniyada yüksək səviyyədə təmsil etdiyinə görə minnətdarıq”.
“AzPolitika”


Şərhlər