Ukraynada Mixail Fyodorovun Müdafiə Nazirliyinə qaytarılmasını tələb edən yürüşlər keçirilir.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında və sosial şəbəkələrdə etiraz aksiyalarından görüntülər yayımlanır.
Dünən minlərlə etirazçı Kiyevdəki Taras Şevçenko parkından İvan Franko Teatrına qədər yürüş edib. Onlar Fyodorovun müdafiə naziri vəzifəsinə qayıtmasını və onun başlatdığı islahatların davam etdirilməsini tələb ediblər.
Bir gün əvvəl Zelenski Fyodorovu Milli Təhlükəsizlik və Müdafiə Şurasından da uzaqlaşdırıb. Müvafiq fərman iyulun 31-də dərc edilib.
Ukraynada ardıcıl 16-cı gündür ki, bu cür aksiyalar davam edir. Dünən Ukraynanın Kiyev, Odessa, İvano-Frankovsk, Lvov, Nikolayev və digər şəhərlərində mitinqlər keçirilib.
Məlum olduğu kimi, Zelenski Fyodorovu istefaya göndərəndən bir neçə gün sonra onunla münaqişədə olduğu bildirilən Ukrayna ordusunun Baş komandanı, general Aleksandr Sırskini də vəzifəsindən azad edib.
“AzPolitika.info”

Şərhlər