Avropa İttifaqının (Aİ) sanksiya siyahısında yer alan Rusiyanın "Russkiy mir" ("Rus dünyası") Fondu Serbiyanın və Bosniya və Herseqoviniyadakı serb məktəblərinə Vladimir Putin rejiminin ideologiyasını və Krımın ilhaqını təbliğ edən kitablar hədiyyə edib.
"AzPolitika" Qərb mediasına istinadla xəbər verir ki, rus dilini öyrənən şagirdlər üçün nəzərdə tutulan "Rusiya və ruslar haqqında" adlı kitabda Kremlin rəsmi siyasi xətti və tarixi təhrif edən tezislər yer alıb.
Cari ilin iyul ayında fond Rusiya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Serbiya, Bosniya və Tunisdə rus dili tədris olunan 60 təhsil müəssisəsinə kompüter avadanlıqları və dərs vəsaitləri ötürüb.
Paylanılan kitablar arasında yer alan "Rusiya və ruslar haqqında" nəşrində Rusiya xarici siyasətinin və müasir tarixinin Kremlin ideologiyasına uyğun təqdimatı əks olunub. Kitabın "Krım Respublikasının Rusiyanın tərkibinə qayıtması" adlı bölməsində 2014-cü ildə yarımada sakinlərinin "referendum vasitəsilə Ukraynadan ayrılaraq Rusiyaya qoşulmaq qərarı verdiyi" iddia edilir. Lakin dərslikdə bu ilhaqın BMT və beynəlxalq aləm tərəfindən tanınmadığı barədə heç bir məlumat verilmir.

Fondun fəaliyyəti haqqında kitabın müəllifi Aleksandr Mayenberqer bildirib ki, bu addım təəccüblü deyil:"Fond özünü rus dili və mədəniyyətini təbliğ edən təşkilat kimi göstərsə də, onun fəaliyyəti hər zaman ideoloji xarakter daşıyıb. Əsas məqsəd uzunmüddətli Rusiyayönümlü şəbəkələr formalaşdırmaq və Rusiya dövlətinin müsbət imicini yaratmaqdır."
Serbiyanın Novi-Sad şəhəri yaxınlığındakı İsidora Sekuliç adına məktəb və Belqradın 8-ci gimnaziyası bu hədiyyələrə görə sosial şəbəkələrdə Rusiyaya təşəkkür ediblər. Lakin jurnalistlərin kitabların məzmunu ilə bağlı suallarına rəsmi cavab verməkdən yayınıblar. Məktəblərdən birindən qeyri-rəsmi olaraq bildirilib ki, kitablar əsas tədris üçün nəzərdə tutulmayıb, sadəcə kitabxanaya yerləşdirilib.
Serbiyanın Təhsilin Təkmilləşdirilməsi İnstitutu isə bildirib ki, hədiyyə edilən kitablar ekspertizadan keçirilməyib və onların kitabxanada olması dərslik statusu alması demək deyil. Lakin qurum müəllimlərin əlavə vəsait kimi bu kitablaşdan yararlana biləcəyini də istisna etməyib.
"Russkiy mir" Fondu 2007-ci ildə Vladimir Putinin fərmanı ilə yaradılıb və Rusiya hökuməti tərəfindən maliyyələşdirilir. Təşkilat 2022-ci ildə Rusiya Ukraynaya genişmiqyaslı hücum başladıqdan sonra Aİ-nin sanksiyalar siyahısına salınıb. Avropa Parlamenti hələ 2016-cı ildə bu fondu Kremlin açıq propaganda aləti adlandırmışdı.
Aİ sanksiyalarına baxmayaraq, Serbiya və Serb Respublikasının rəhbərliyi Moskva ilə əməkdaşlığı davam etdirir. Serbiya Aİ üzvlüyünə namizəd olsa da, Qərbin Rusiyaya qarşı sanksiyalar paketinə qoşulmayıb.
Hazırda fondun 33 ölkədə 48 mərkəzi fəaliyyət göstərir. Fondun internet resurslarında hətta "xüsusi hərbi əməliyyat"ın hesabatları, Ukraynanın işğal olunmuş ərazilərində "mədəniyyətdə denasifikasiya" seminarlarının keçirilməsi barədə məlumatlar yer alır.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər