2026-cı ildə Rusiyanın 18 aparıcı universitetinə xüsusi güzəştli kvotalar üzrə Ukraynadakı müharibə iştirakçıları və onların övladlarından ibarət 4,3 mindən çox şəxs qəbul olunub. 

"AzPolitika" xəbər verir ki, bu göstərici ötən ilin nəticələri ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.

Statistikaya əsasən, bu kateqoriyadan olan abituriyentlərin təxminən 39%-i ali təhsil müəssisələrinə Vahid Dövlət İmtahanı (EGE) vermədən daxil olub. İmtahan nəticələri ilə qəbul olunanların 60%-dən çoxu isə ötən ilin keçid balından aşağı nəticə göstərib və ümumi müsabiqə şərtləri ilə tələbə adı qazana bilməzdi.

Bəzi ixtisaslar üzrə xüsusi kvota ilə daxil olanlar büdcə yerlərinin 10%-dən çoxunu tutublar. Bu həcm digər güzəştli kateqoriyalar — yetim uşaqlar və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş, lakin istifadə olunmamış yerlərin yenidən paylanması hesabına formalaşıb.

Müharibə iştirakçılarının övladları üçün güzəştli qəbul qaydaları 2022-ci ildən tətbiq olunur. Daha sonra bu hüquq müharibədə həlak olanların dul qadınlarına da şamil edilib. "Vedomosti" nəşrinin yazdığına görə, ümumilikdə 2025-ci ildə Rusiya ali məktəblərinə müharibə iştirakçıları və onların ailələri üçün ajrılan kvota ilə 28,4 min nəfər daxil olub ki, bu da 2024-cü illə müqayisədə 74% çoxdur.

Güzəştlərin genişlənməsi sıravi abituriyentlərin narazılığına səbəb olur. Hələ 2024-cü ildə mülki abituriyentlər plan yerlərinin hərbçi qohumları tərəfindən tutulması səbəbindən ali məktəblərə daxil ola bilmədiklərindən şikayətlənirdilər. 2025-ci ildə isə Dövlət Duması qəbul etdiyi yeni düzəlişlə müharibə iştirakçıları və onların övladlarına universitetdən xaric edildikdə belə, eyni ali məktəbə təkrar pulsuz daxil olmaq hüququ verib.

Rasim Əliyev

"AzPolitika.info"