Rusiyanın təcavüzü səbəbindən 8,4 milyondan çox ukraynalı hazırda Ukraynanın hüdudlarından kənardadır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Parlamentinin İnsan Hüquqları üzrə müvəkkili Dmitri Lubinets Telegram-da yazıb.

"8,4 milyondan çox vətəndaşımız hazırda Ukraynanın hüdudlarından kənardadır" - Lubinets qeyd edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Rusiyanın 2022-ci ildə tammiqyaslı işğalı başlayandan bəri 5,7 milyondan çox ukraynalı ölkədən qaçıb. Lubinetsin istinad etdiyi rəqəm isə 2014-cü ildən bəri davam edən Rusiyanın bütün təcavüz dövrünü əhatə edir.

Eurostat-ın son məlumatları göstərir ki, hal hazırda 4,38 milyon ukraynalı Avropa Birliyi ölkələrində müvəqqəti qorunma altındadır. Onların əksəriyyəti qadın və uşaqlardır.

Almaniya, Polşa və Çexiya ən çox sayda ukraynalı qaçqını qəbul edib. Bu üç ölkədə təxminən 2,65 milyon Ukrayna vətəndaşı yaşayır.

Demoqrafik fəlakət yaşayan Ukrayna üçün ən pis olanı həm də odur ki, bu insanların böyük əksəriyyətinin vətənə qayıtması ehtimalı olduqca azdır.

“AzPolitika.info”