Türkiyə Böyük Millət Məclisi ölkə siyasi gündəminin ən mühüm məsələlərindən biri olan “Milli həmrəylik və ictimai bütövlüyün gücləndirilməsinə dair qanun təklifi”ni müzakirə etməyə başlayıb.

İctimaiyyətdə “Çərçivə qanunu” kimi tanınan və "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan layihənin müzakirə olunduğu tarixi oturumda MHP sədri Dövlət Baxçalı da daxil olmaqla bir çox siyasi lider iştirak edir. Sənəd bundan əvvəl TBMM Ədliyyə Komissiyasında 18 saatlıq gərgin müzakirələrdən sonra qəbul edilib.

Sənəddə yer alan əsas maddələr:

-Layihəyə əsasən, terror təşkilatının fəaliyyətinə tam son qoyduğu və silahların təhvil verildiyi təhlükəsizlik qurumları tərəfindən təsbit edilib Milli Təhlükəsizlik Şurasının (MGK) qərarı ilə "Resmi Gazete"də dərc olunarsa, müəyyən məhkumların cəzalarının icrası təxirə salına bilər;

-Müstəsna hallar qəsdən adamöldürmə cinayətlərinə görə məhkum olunanlar və 1 iyun 2005-ci ildən əvvəl törədilmiş cinayətlərə görə ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası alanlar bu güzəştdən yararlana bilməyəcəklər;

-15 il və ya daha az azadlıqdan məhrum edilənlərin cəzası 5 il, 15 ildən çox və ya ömürlük cəza alanların icrası isə 10 il müddətinə təxirə salınacaq. Bu müddətdə təkrar terror cinayəti törədildikdə cəzanın icrası bərpa ediləcək;

Prosesin idarə olunması üçün Vitse-prezidentin rəhbərliyi ilə Ədliyyə, Xarici İşlər, Daxili İşlər, Milli Müdafiə nazirləri, MİT rəhbəri və MGK Baş katibindən ibarət Xüsusi Şura təsis olunacaq.

Düzənləmədən yararlanmaq istəyənlər MGK qərarı dərc edildikdən sonra 6 ay ərzində aidiyyəti prokurorluqlara və ya Türkiyənin xarici nümayəndəliklərinə yazılı müraciət etməlidirlər.

Qanun layihəsinin TBMM-də səsvermədən sonra qüvvəyə minəcəyi gözlənilir.

Rasim Əliyev

"AzPolitika.info"