Gözlənilən oldu. Rusiya Ali Məhkəməsi məşhur Qriqori Yavlinskinin yaratdığı və uzun illər lideri olduğu “Yabloko” partiyasının Dövlət Duması seçkiləri üçün federal siyahısının qeydiyyatını ləğv etdi. Hakim Vyaçeslav Kirillov bu qərarı “Rodina” partiyasının iddiasını və tərəflərin arqumentlərini nəzərdən keçirdikdən sonra verib. Bu zaman hakim zəhmət çəkib çıxardığı qərarın əsaslandırmasını belə oxumayıb. Çünki məhkəmə prosesi zatən uzanmış, 8 saatı keçmişdi. Məhkəmə qarşısında isə “Yabloko” tərəfdarlarından ibarət izdiham məhkəmə qərarını gözləyirdi. Müasir Rusiya üçün az qala kütləvi etiraz aksiyasına çevrilən belə bir toplaşmanın özü nonsensdir və təbii ki, hakimiyyət buna imkan verə bilməzdi. Qərarın tez-tələsik oxunaraq kütlənin dağıdılması da bundan irəli gəlirdi...

Beləliklə, qatı müharibə tərəfdarı, primitiv, kobud, miqrantlara qarşı aqressiv çıxışları ilə tanınan, efirlərdə Jirinovskini təlqid edərək, siyasi səhnədə onun yerini tutmağa çalışan, bir sözlə, əsl “bıdlo-siyasətçi” imicini qazanmış Aleksey Juravlyovun (efirlərin birində “niyə özünüz cəbhədə döyüşmürsünüz” sualına görə jurnalisti söymüşdü) rəhbərlik etdiyi “cib müxalifəti” – “Rodina” partiyasının adından “Yabloko”ya qarşı qaldırılan iddia təmin olundu. Bununla da müharibə əleyhinə olan insanların öz səslərini, etirazlarını, mövqelərini qanuni yolla çatdırmaq imkanının üzərindən xətt çəkildi...

“Rodina”nın “Yabloko”ya qarşı iddialarının əsasını "ekstremizm", xarici maliyyələşdirmə və müəllif hüquqlarının pozulması təşkil edib. Müşahidəçilər bu iddiaların əsassız və siyasi məqsədli olduğunu bildirsələr də, son iki ittiham Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun və Rosfinmonitorinq-in nümayəndələri tərəfindən məhkəmədə dəstəkləndi...

“Yabloko”nun mətbuat xidmətinin məlumatına görə, qərardan apelyasiya şikayəti veriləcək. Lakin bu şikayətin taleyi də indidən məlumdur. Partiya heç bir halda seçkiyə buraxılmayacaq!

Rusiya Mərkəzi Seçki Komissiyası “Yabloko”nu Dövlət Duması seçkilərində 29 iyulda qeydiyyata almışdı. Federal namizədlər siyahısına partiyadan 269 nəfər daxil idi. Partiya birmənalı olaraq müharibənin dərhal dayandırılmasını tələb edirdi. Seçki qeydiyyatına alındığı ilk gündən bəri sosial mediada və ümumilikdə cəmiyyətdə böyük dəstək görən partiyanın təkcə son 10 günə yaxın apardığı kampaniya, seçkidə onun müxtəlif hesablamalara görə, 18-20 faiz civarında real səs toplaya biləcəyini göstərirdi. Üstəlik, bu göstəricinin seçki yaxınlaşdıqca artacağı proqnozlaşdırılırdı. Bu isə hakimiyyətin seçkini saxtalaşdırmaq işini çətinləşdirə, əlavə başağrısı gətirə bilərdi. Ən əsası isə cəmiyyətin hakimiyyətə gerçək münasibətini ortaya qoyar, narazılıq dalğasının qanuni müstəvidə - seçki kampaniyasında və seçkinin özündə ifadəsinə imkan yaradardı. Putin Rusiyasında isə bu, qəti yolverilmzədir!

Yeri gəlmişkən, partiya seçkiyə buraxılandan cəmi bir neçə gün sonra “Dosye” kanalında dərc edilən məlumatda deyilirdi ki, Kreml partiyanı seçkiyə buraxdığna görə peşman olub. Məlumatda qeyd olunurdu ki, buna görə Rusiya Prezident Administrasiyasında Prezidentin Sosial Proseslərin Monitorinqi və Təhlili üzrə İcra Aparatının rəhbəri Aleksandr Xariçevi “bərk danlayıblar”. Səbəb onun tərəfindən “Yabloko”nun seçkilərə “ehtiyatsız şəkildə buraxılması”na imkan verilməsidir. Müharibə əleyhinə olan müxalifətin seçkidə iştirakına icazə vermək ideyası əvvəlcə Kreml strateqlərinə qüsursuz bir plan kimi görünüb. Bu plan üç aydın məqsədə xidmət edirdi. 

Birincisi, həm daxili, həm də xarici müşahidəçilərin nəzərində prosesi legitimləşdirən “parlaq demokratik imic” yaratmaq.

İkincisi, etirazçı elektoratı zəiflətmək, sistemdaxili "müxalifət"dən səsləri uzaqlaşdırmaq və hakim “Vahid Rusiya”nın mövqeyini qorumaq.

Üçüncüsü, müharibə əleyhinə olanların cəmi 1-2% təşkil etdiyini göstərərək, “milli birliyin parlaq mənzərəsini” təqdim etmək.

Lakin bu “qüsursuz” ssenari pozuldu. Çünki hətta Yavlinskinin seçkidə şəxsən iştirak etməməsinə baxmayaraq, qapalı rəy sorğuları göstərdi ki, seçicilərin azı 12-19 faizi “Yabloko”ya səs verməyə hazırdır və bu göstərici durmadan artır...

Məlumat üçün qeyd edək ki, “Yabloko” 1993-cü ildən bəri Duma seçkilərində iştirak edib. “Yabloko” fraksiyası sonuncu dəfə parlamentin aşağı palatasında üçüncü çağırışda, 1999-cu ildən 2003-cü ilə qədər fəaliyyət göstərib və 1999-cu ildə Yavlinski şəxsən parlament tribunasından Vladimir Putinin baş nazir təyinatına qarşı çıxıb. Sonrakı illərdə də parlamentdə müxalif mövqe sərgiləyib. Bu da onun partiyasının parlamentdəki təmsilçiliyinə son qoyub...

“Yabloko”nu hazırkı sədri Nikolay Rıbakov məhkəmədə “Rodina”nın bütün iddialarını rədd etdi və partiyasının seçkilərdə qeydiyyatını bərpa etmək üçün mübarizə aparacağını bildirdi. 

"Çünki nə qədər insanın sülhü, insanların ölməsini dayandırmağı müdafiə etdiyi aydındır. Partiya öz tarixində müxtəlif dövrlərdən keçib və bundan sonra da işini davam etdirəcək. Demək istəyirəm ki, bir çoxunuz üçün bu gün yalnız başlanğıcdır", - deyə o əlavə edib. 

Ancaq yuxarıda qeyd etdiyimiz və mütəxəssislərin də bildirdiyi kimi, partiyanın seçkiyə buraxılmayacağı birmənalıdır.

"Yabloko"nun seçkidən uzaqlaşdırılmasından dərhal sonra Rusiya təhlükəsizlik qüvvələri məhkəmə qarşısına toplaşan izdihamın dağılmasını tələb ediblər. 

"Sizi indi aparacağıq. Əgər kiminsə ağlında bir şey varsa, xahiş edirəm metroya və ya diskotekalara gedin. İki-üç dəqiqəniz var; dağılmasanız, bizdən inciməyin. Gənclər, sizi heç kim aparacağımız hərbi komissarlıqdan çıxara bilməyəcək”, - deyə təhlükəsizlik qüvvələrinin nümayəndəsi mikrofonla toplaşanları hədələyib.

Kütlə dərhal dağılışıb və “Yabloko” hekayəsi - “alma nağılı” bununla da bitib…

E.Qüdrətoğlu

“AzPolitika.info”