Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Yusiflinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
"AzPolitika" Pravda.az-a istinadla xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.
Qeyd edək ki, Emin Yusifli etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda ittiham olunur.
İttihama görə, o, tamah niyyəti ilə müxtəlif şəxsləri xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğuna, geniş əlaqələrə malik olduğuna və onlardan aldığı pullarla müxtəlif rayonlardan heyvanlar alaraq satacağına, əldə olunan gəlirdən isə onlara qazanc verəcəyinə inandırıb.
İş materiallarına əsasən, təqsirləndirilən şəxsin bu üsulla ilk olaraq 2024-cü ilin mart ayının əvvəllərində Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində tanış olduğu zərərçəkmiş Dadaş Mahalovdan (adı, soyadı şərtidir) 50 min manat aldığı bildirilir.
Belə ki, Emin Yusifli həmin şəxslə iş birliyi quracağı, müxtəlif rayonlardan xırdabuynuzlu heyvanlar alıb gətirərək satacağı və əldə etdiyi gəlirdən ona da qazanc verəcəyi barədə vədlər verib. Zərərçəkmiş şəxs bu vədlərə inanaraq ona 50 000 manat pul verib. Lakin təqsirləndirilən şəxs vədinə əməl etməyib və həmin məbləği mənimsəyib.
Bundan başqa, Emin Yusiflinin eyni üsulla digər bir zərərçəkmiş Fərid Mahmudovdan da 81 000 manat aldığı qeyd olunur.
İttihama görə, 2024-cü ilin mart ayının əvvəllərində Binə qəsəbəsində Hava Limanı yolunun üzərində yerləşən ağac dükanında tanış olduğu həmin şəxsi də xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğuna inandıran təqsirləndirilən şəxs ilkin olaraq 30 000 manat alıb. Daha sonra isə həmin şəxsin etibarını daha da qazanmaq məqsədilə 13 000 manat məbləğində pul qaytararaq bunu heyvanların alqı-satqısından əldə olunan gəlir kimi təqdim edib. Bundan sonra Emin Yusifli ticarəti genişləndirəcəyini, Qazaxıstandan xırdabuynuzlu heyvanlar gətirəcəyini və bununla daha çox qazanc əldə edəcəyini bildirib. Bu vədlərə inanan zərərçəkmiş şəxs ona hissə-hissə daha 51 000 manat verib. Beləliklə, ümumilikdə 81 000 manat vəsait ələ keçirilib.
Təqsirləndirilən şəxsin daha bir zərərçəkmiş şəxsi - İlqar Tağıyevi (adı, soyadı şərtidir) də eyni üsulla aldatdığı bildirilir.
İş materiallarına görə, o, 2023-cü ilin noyabrında həmin şəxslə tanış olduqdan sonra özünü xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib və ona qazanc vəd edib. İlkin olaraq 4 000 manat alan Emin Yusifli sonradan müəyyən məbləğdə qazanc verərək zərərçəkmiş şəxsin etimadını daha da qazanıb.
Daha sonra isə ticarəti genişləndirəcəyi və Qazaxıstandan heyvanlar gətirəcəyi barədə yeni vədlər verərək ondan əlavə 12 000 manat alıb. Nəticədə İlqara ümumilikdə 16 000 manat maddi ziyan vurulduğu qeyd edilir.
İttihamda Emin Yusiflinin avtomobillə bağlı başqa bir şəxsi də aldatdığı qeyd olunur.
Belə ki, qəza nəticəsində yararsız vəziyyətə düşmüş "Hyundai Sonata" markalı avtomobili öz hesabına təmir etdirib sonradan satacağını və sahibinə pulunu verəcəyini vəd edən təqsirləndirilən şəxs nəqliyyat vasitəsini təmir sexinə yerləşdirib. Ehtiyat hissələri almaq bəhanəsi ilə avtomobilin qeydiyyat şəhadətnaməsini də əldə edən təqsirləndirilən şəxs sonradan nəqliyyat vasitəsinin satılması üçün zərərçəkmiş şəxsdən ümumilikdə 13 500 manat pul alıb. Həmin vəsaitin 2 000 manatı əvvəlcədən verilmiş, qalan məbləğ isə hissə-hissə ödənilib. Sonuncu dəfə zərərçəkmiş şəxsin bank vasitəsilə 1 000 manat da köçürdüyü bildirilir.
İttihama əsasən, Emin Yusifli avtomobilin təmirinə 5 700 manat xərclədikdən sonra onu heç bir rəsmiləşdirmə aparmadan satıb və verdiyi vədə əməl etməyib. Bundan xəbər tutan avtomobil sahibi isə nəqliyyat vasitəsini geri alıb.
Bundan başqa, Emin Yusifli digər bir zərərçəkmiş şəxsdən də 25 000 manat alıb.
İttihama görə, o, 2024-cü ilin əvvəllərində Binə qəsəbəsində yerləşən kafedə tanış olduğu həmin şəxsi də xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğuna inandırıb.
Təqsirləndirilən şəxs ona müxtəlif rayonlardan heyvanlar alıb gətirəcəyini, onları kəsdirərək ət mağazalarına satacağını və əldə olunan gəlirdən zərərçəkmiş şəxsə də qazanc verəcəyini vəd edib. Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda həm ödəniş terminalları, həm bank kartları vasitəsilə, həm də nağd şəkildə Emin Yusifliyə pul verib.
Bundan başqa, zərərçəkmiş şəxs müxtəlif vaxtlarda əlbəəl də pul verib. Nəticədə həmin zərərçəkmiş şəxsdən ümumilikdə 25 000 manat pul alındığı və təqsirləndirilən şəxsin verdiyi vədlərə əməl etməyərək həmin vəsaiti ələ keçirdiyi qeyd olunur.
Beləliklə, ittiham materiallarına əsasən, Emin Yusifli müxtəlif şəxslərdən xırdabuynuzlu heyvanların alqı-satqısı vədilə ümumilikdə yüz minlərlə manat vəsait alıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında Emin Yusifli ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini ifadə edib.

Şərhlər