Korsikanın Korti şəhərində Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan "Nazione" siyasi hərəkatının təşkilatçılığı ilə "Beynəlxalq Günlər" adlı tədbirin növbəti, 44-cü buraxılışı keçirilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.

Tədbirdə, eyni zamanda, BTQ-nin dəstəyi ilə 2024-cü ilin iyulunda Bakıda təsis edilmiş, Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Dənizaşırı ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiya və hərəkatları birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri də iştirak ediblər.

Tədbirin yekununda Beynəlxalq Dekolonizasiya Cəbhəsi tərəfindən "Korte Bəyannaməsi" qəbul edilib.

Bəyannamədə qeyd olunub ki, Fransa dövlətinin idarəçiliyi altında olan bütün fərqli coğrafi ərazilərdə yerli xalqların fundamental hüquqlarını və suverenliyini tapdalayan eyni kolonial istismar mexanizmləri tətbiq olunmaqdadır. Rəsmi Parisin yürütdüyü məqsədyönlü mövcud iqtisadi siyasətin yerli sərvətləri amansızcasına taladığı, ərazilərdə süni bahalıq yaratdığı və kütləvi işsizlik formalaşdıraraq gəncləri öz doğma yurdlarından uzaqlaşmağa, mühacirətə və ya sosial müavinətlərdən asılı yaşamağa məhkum etdiyi kəskin şəkildə vurğulanıb.

Bununla yanaşı, Fransa "ədalət" sisteminin birbaşa himayəsi və şərikliyi ilə yerli əhalinin torpaqlarının müsadirə edildiyi, xarici maraqlara xidmət edən spekulyasiyalara yol açıldığı və demoqrafik strukturu dəyişərək yerli xalqları öz vətənlərində azlığa çevirmək məqsədilə planlı şəkildə "məskunlaşdırma kolonizasiyası"nın davam etdirildiyi bildirilib. Fransa hakimiyyətinin müstəmləkə əleyhinə mübarizə aparan dinc fəallara və müqavimət hərəkatlarına qarşı qanunsuz güc tətbiq edib onları kriminallaşdırdığı qeyd olunub. Vurğulanıb ki, rəsmi Paris Martinik və Qvadelupda on minlərlə insanın həyatına təsir edən qorxulu xlordekon pestisidi zəhərlənməsi cinayəti kimi ağır ekoloji və humanitar skandalların üstünü məhkəmə yolu ilə ört-basdır edərək tam cəzasızlıq mühiti formalaşdırıb.

Bəyannamədə Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransadan tələb edib ki, Fransa dövləti Yeni Kaledoniyadakı (Kanaki) Bujival sazişləri, Korsikadakı Bovo prosesi və digər regionlarda davam edən müzakirələr vasitəsilə bu xalqların milli və siyasi mövcudluğunu danmaq, onları sadəcə hüquqsuz "ada icması" səviyyəsinə endirmək cəhdlərinə dərhal son qoymalıdır. Bu ərazilərin hər birinin beynəlxalq hüquqa və tarixi legitimliyə malik, öz müqəddəratını təyin etmək hüququ olan müstəqil millətlər olduğunu bəyan edir.

Cəbhə BMT Baş Assambleyasının müstəmləkəçiliyin tamamilə ləğv edilməsini ehtiva edən 75/123 saylı tarixi qətnaməsinə istinad edərək Fransanın müstəmləkəçiliyi altında yaşayan Dənizaşırı ərazilərin yenidən BMT-nin rəsmi dekolonizasiya olunmalı ölkələr siyahısına salınması üçün qlobal müstəvidə hüquqi, diplomatik və siyasi addımlarını daha da genişləndirəcəyini və bu kollektiv strategiyanı kəsintisiz davam etdirəcəyini elan edib.