Novosibirskdə Vladimir Putinin səfəri günü yerli sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulub.
“AzPolitika” xəbər verir ki, bu barədə yerli kanallar məlumat yayıb.
Məsələn, "NeMoskva"nın məlumatına görə, vətəndaşlara prezident kortejinin keçidi zamanı çölə çıxmaqdan "çəkinmək", pəncərələrdən uzaq durmaq və "elektron və optik cihazlardan istifadə etməmək" tapşırılıb.
Yataqxanalarında qalan Novosibirsk Dövlət Universitetinin (NSU) tələbələrinə də oxşar təlimatlar verilib. Kampusda sərbəst hərəkət qadağan edilib və ərazidə adətən etirazlar zamanı istifadə edilən baryerlər qurulub. Mərkəzi küçələrdə elektrikli skuterlərin icarəsi də qadağan edilib.
Putin Novosibirskə ötən gecə gəlib. Prezidentin səfəri üçün şəhər tələsik qaydaya salınıb: asfalt örtüyü yenidən döşənib, səkilər və fasadlar təmir edilib, qazonlar salınıb. O, sonuncu dəfə Novosibirskə 2018-ci ildə gəlmişdi.
Novosibirsk, Putinin son iki yarım həftə ərzində Moskva və Sankt-Peterburq şəhərlərini çıxmaq şərtilə ziyarət etdiyi beşinci şəhərdir. O, daha əvvəl Kazan, İrkutsk, Omsk, Krasnoyarsk və Ulan-Ude şəhərlərində olub. Bundan əvvəl Putin bir neçə ay ərzində regionlara getməyib. “Financial Times”-ın Putinə yaxın mənbələri onun sui-qəsddən qorxduğunu və əsasən Ukrayna ilə müharibəyə diqqət yetirərək yeraltı bunkerlərdə daha çox vaxt keçirdiyini bildiriblər.
“AzPolitika.info”

Şərhlər