Ermənistanın Antikorrupsiya Komitəsi parlamentin keçmiş deputatı və son seçkilərdə Qaqik Sarukyanın başçılıq etdiyi “Çiçəklənən Ermənistan” Partiyasından (ÇEP) deputatlığa namizəd olmuş Martun Qriqoryanı saxlayıb. Hüquq-mühafizə orqanları məhkəmədən onun barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb etməyə hazırlaşır.

Saxlanılma barədə ilk məlumatı Qriqoryanın vəkili Arsen Babayan versə də, cinayət işinin təfərrüatlarını açıqlamamışdı. Daha sonra Antikorrupsiya Komitəsi rəsmi bəyanat yayaraq, sabiq deputatın seçki cinayətləri ilə bağlı qaldırılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğunu doğrulayıb.

Martun Qriqoryan hələ seçkiqabağı kampaniya dövründən hüquq-mühafizə orqanlarının diqqət mərkəzində idi. Cari ilin may ayında müstəntiqlər keçmiş deputatın evində, avtomobilində və “Çiçəklənən Ermənistan” Partiyasının seçki qərargahında 7 saata yaxın davam edən axtarış aparmış, mühüm sənədlər və kompüter avadanlıqlarını müsadirə etmişdilər.

Həmin vaxt Qriqoryan bildirmişdi ki, xüsusi xidmət orqanları seçkilərlə bağlı maliyyə köçürmələri, bank çekləri və kütləvi informasiya vasitələri ilə əlaqədar materiallar axtarır.

Seçkilər ərəfəsində Antikorrupsiya Komitəsi ÇEP nümayəndələri tərəfindən seçicilərin ələ alınması (rüşvət verilməsi) faktları ilə bağlı bir neçə dəfə rəsmi hesabatlar və səs yazıları dərc etmişdi. Müstəntiqlərin məlumatına görə, Tavuş vilayətində bir qrup seçiciyə “Çiçəklənən Ermənistan” Partiyasına səs vermələri və partiya üçün tərəfdar toplamaları müqabilində nağd pul paylanılıb. Həmin cinayət epizodları üzrə artıq bir neçə şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

Martun Qriqoryan mənzilində və partiya qərargahında aparılan axtarışları siyasi motivli adlandırıb. O, hüquq-mühafizə orqanlarının bu addımlarını onun seçki kampaniyasını pozmaq və fəaliyyətini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirib.

Lakin istintaq orqanı əllərində təkzibedilməz sübutların olduğunu və Qriqoryanın birbaşa seçici rüşvəti mexanizmini idarə etməkdə şübhəli bilindiyini bəyan edib. Yaxın saatlarda məhkəmənin eks-deputat barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Rasim

“AzPolitika.info”