İxtisas qrupları üzrə müsabiqə vəziyyətinə aydınlıq gətirilib.

"AzPolitika" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə 150-dən çox bal toplayanların universitetlərə qəbul ola biləcəklərini bildiribb.

"I ixtisas qrupunun Riyaziyyat-Kimya altqrupunda 200 baldan yuxarı bal yığan şəxslər ali təhsil müəssisələrinə qəbul oluna bilər. Həmçinin 150 baldan da yuxarı nəticə göstərənlər, eyni zamanda, subbakalavrlar da özlərinə yer tapa bilərlər. Riyaziyyat-İnformatika altqrupunda isə müsabiqə vəziyyəti daha gərgindir. 7440 yer var. Müsabiqəyə isə 8 min şəxs buraxılıb", - o bildirib.

Məleykə Abbaszadənin sözlərinə görə, II ixtisas qrupunun 25 faiz plan yeri dövlət sifarişlidir: "Plan yerləri ötən illə müqayisədə min yer artıb. Bu ixtisas qrupunda 16 min yer var. Müsabiqəyə isə 7983 şəxs buraxılıb. Bu o deməkdir ki, onların hamısının ali məktəblərə qəbul olması ehtimalı var. Həmçinin II ixtisas qrupunda subbakalavrlara kifayət qədər yer qalacaq".

DİM sədri III ixtisas qrupu üzrə 26 faiz plan yerinin dövlət sifarişli olduğunu qeyd edib: "III ixtisas qrupu üzrə 20 805 nəfər müsabiqəyə buraxılır. Plan yeri isə 15 mindir. Yəni bu ixtisas qrupunda azı 5 min nəfər ali məktəblərə qəbul olmayacaq. III ixtisas qrupunun hər iki altqrupunda vəziyyət gərgin olacaq. Ən gərgin müsabiqə vəziyyəti həmişəki kimi III ixtisas qrupundadır".

O əlavə edib ki, IV ixtisas qrupunun 70 faiz plan yeri dövlət sifarişlidir və plan yerlərinin sayı 5048-dir: "Dövlət sifarişli yerlərin sayı isə 3551-dir. 600 baldan yuxarı nəticə göstərənlər 1212 nəfər olmaqla, tibb ixtisaslarına iddiaçılardır. Ancaq onların hamısı tibb ixtisasına qəbul ola bilməyəcək. Bu il tibb ixtisasının keçid balının 20 bal artacağını gözləyirik. 300-400 intervalında keçid balı olan ixtisasları üzrə keçid balının isə təxminən 10 bal artacağı gözlənilir".

Məleykə Abbaszadə V ixtisas qrupu üzrə qabiliyyət tələb edən ixtisaslara görə tam statistikanın hələ ki olmadığını diqqətə çatdırıb.