Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni ABŞ-də təmsil edəcək yeni səfir tapmaqda çətinliklərlə üzləşib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, Vaşinqtonda xidmət etmək üçün kifayət qədər siyasi nüfuza və təcrübəyə malik potensial ukraynalı namizədlər bu vəzifəni qəbul etmək istəmirlər.
Olqa Stefanişinanın çıxarılmasından sonra bu vəzifə boş qalıb. Zelenski əvvəlcə keçmiş Baş nazir Yuliya Sviridenkonu ABŞ-də səfir təyin etməyi düşünüb. Prezident özü də etiraf edib ki, Sviridenkoya bu vəzifəni təklif edib, lakin o bu postu tutmaqdan imtina edib.
"Sirr deyil ki, mən Yuliya Sviridenkoya güvənirdim və ona ABŞ-də səfir vəzifəsini təklif etmişdim”, - Zelenski iyulun sonlarında bildirib.
Prezident Vaşinqtonda səfir kimi ən yüksək peşəkarlığa malik bir şəxsi - Baş nazirin müavini, nazir və ya Baş nazir səviyyəsində kadrı görmək istədiyini vurğulayıb.
Lakin Sviridenkonun imtinasından sonra uyğun namizəd tapmaq çətinləşib. Nəşrin mənbələrinə görə, potensial namizədlər iş şəraitindən və ABŞ Prezidenti Donald Trampın qeyri-stabil administrasiyası ilə qarşılıqlı əlaqədə olmaqdan ehtiyat edirlər. Onlar səmərəli işləmək üçün kifayət qədər azadlığa malik olmayacaqları ilə bağlı narahatlıqlar səbəbindən bu vəzifəni tutmaqdan çəkinirlər.
“AzPolitika.info”

Şərhlər