“2026-cı ilin I yarımili ərzində Azərbaycanda 3500-ə yaxın elektron satınalma keçirilib”.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavini Mirzə Mirzəyev “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elektron satınalmaların ümumi məbləği 1,7 milyard manat təşkil edib.

“Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7% təşkil edib”, - deyə Mirzə Mirzəyev bildirib.

O qeyd edib ki, açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.