Rusiyanın regionlarında Müdafiə Nazirliyi üçün müqaviləli əsgər toplayan yerli məmurlar və hüquq-mühafizə orqanlarının keçirdiyi aqressiv reydlər yerli əhalinin sərt müqaviməti ilə qarşılaşır. Penza vilayətinin Başmakovo qəsəbəsində sakinlər hərbi xidmətə zorla aparılan kişiləri "ovçular"ın əlindən almaq üçün xüsusi özünümüdafiə dəstələri (xalq drujinası) təşkil etməyə başlayıblar.
Qərb mediasının yaydığı məlumata görə, regionda Müdafiə Nazirliyinin planını doldurmaq üçün görünməmiş qanunsuzluqlar yaşanır.
Qəsəbə sakinlərinin sözlərinə görə, mülki geyimdə olan və özlərini bəzən yeni sahə müvəkkili, bəzən də icra nümayəndəsi kimi təqdim edən şəxslər kişiləri küçələrdən, hətta fərdi evlərin həyətlərindən zorla aparırlar. Saxlanılan şəxslər rayon icra hakimiyyətinə aid olan "Lada Granta" və "Lada Largus" markalı xidməti avtomobillərə mindirilərək vilayət mərkəzindəki toplanış məntəqələrinə aparılır və orada təzyiqlə müqaviləyə imza etdirilir.
Hətta bir halda yerli sakinin bacısı qardaşını aparan rayon administrasiyasının avtomobilini Penzaya gedən magistral yolda qovaraq saxlatdırıb və qardaşını maşından çıxarmağı bacarıb.
Başmakovo qəsəbəsində vəziyyətin kritik həddə çatmasından sonra yerli əhali sosial şəbəkələr və qapalı çatlar üzərindən kütləvi şəkildə təşkilatlanıb. 250-dən çox sakin "VKontakte" vasitəsilə növbətçilik qrafiki yaradıb. Avtomobili olan şəxslər gecə və gündüz qəsəbədə patrul xidməti həyata keçirirlər. Şübhəli maşınlar və ya yad şəxslər görüldükdə dərhal qrupa xəbər verilir. Reyd keçirilən ünvana qısa müddətdə onlarca sakin toplanaraq kişilərin aparılmasına imkan vermir. Sərt müqavimət sayəsində artıq ən azı 5-6 nəfərin zorla hərbi xidmət müqaviləsi imzalatmaq üçün aparılmasının qarşısı alınıb.
Sakinlər polislərin və verborşiklərin (müqaviləçi toplayanların) bu özbaşınalığına qarşı hüquq-mühafizə organlarına şikayət etməyin mənasız olduğunu bildirirlər. Onların sözlərinə görə, bu qanunsuz reydlərin arxasında birbaşa Başmakovo rayonunun icra başçısı Tamara Pavlutkina dayanır. Müdafiə Nazirliyinin verdiyi planı yerinə yetirmək üçün yerli administrasiyanın resursları və maşınları prosesə cəlb olunub.
Analitiklər bildirirlər ki, Penzada baş verənlər Rusiyanın əyalətlərində müharibəyə adam toplamaq resurslarının kəskin tükəndiyini və əhalinin artıq açıq müqavimət fazasına keçdiyini göstərir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər