Rusiyanın ən tanınan iqtisadçılarından biri Kremli qəzəbləndirib

Rusiyanın aparıcı banklarından biri olan Vneşekonombankın (VEB) baş iqtisadçısı Andrey Klepaç işdən çıxarılıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasında dərc edilən bu məlumat ciddi müzakirələrə səbəb olub.

Belə ki, Rusiyada tanınan və nüfuzlu iqtisadçılardan biri sayılan Klepaçın işdən çıxarılma səbəbi Rusiya-Ukrayna müharibəsilə bağlı obyektiv qiymətləndirməsi, o cümlədən, bu tükəndirmə müharibəsində Rusiyanın məğlubiyyətinin qaçılmaz olduğunu söyləməsidir.

Nikitski Klubunun sessiyasında çıxış edən Klepaçın proqnozları Kremlin qətiyyən xoşuna gəlməyib və onun qovulması ilə bağlı bankın rəhbərliyinə tapşırıq verilib. "The Bell” nəşri iqtisadçının dostuna istinadla yazıb ki, VEB-nin baş direktoru İqor Şuvalov Klepaçı "yuxarıdan gələn zənglə" işdən çıxarıb.

Bəs Klepaç sözügedən çıxışında nə deyib? Həmin çıxışdan bəzi sitatları təqim edirik: "Problem daha çox geridə qalmağımızdadır. Qlobal miqyasda həm texnoloji, həm də iqtisadi rəqabəti uduzuruq.

Və biz təkcə Çin və ABŞ-yə deyil, həm də bəzi cəhətlərdən Ukraynaya uduzuruq. Bu, şəxsən mənim üçün nə qədər xoşagəlməz olsa da, belədir.

Ukrayna iqtisadiyyatı, əlbəttə ki, qismən dağılıb; orada demoqrafik fəlakət var. Lakin Ukrayna iqtisadiyyatı, hər şeyə rəğmən, sağ qalır (!).

Bu tükəndirmə müharibəsində rəqabəti qazana bilməyəcəyik. Biz orada(Ukraynada-red.) hər şeyin dağılacağı illüziyasındayıq. Ancaq dağılmadı və dağılmayacaq. Bizim isə izafi xərclərimiz artır...

Sosial böhran yarana bilər, özü də heç kimin xüsusilə gözləmədiyi bir vaxtda. Amma sizə xatırlatmaq istəyirəm ki, heç kim Fevral İnqilabını da gözləmirdi. Lenin 1916-cı ilin dekabrında yazırdı ki, "bizim həyatımız bunu görməyə yetməyəcək”, amma o, cəmi bir neçə ay sonra bu baş verdi.

1991-ci ildə Sovet İttifaqındakı vəziyyət - biz uzun müddət və ardıcıl olaraq buna doğru irəliləyirdik və hamı başa düşürdü ki, böhrana doğru gedirik, amma ölümcül bir şey yox idi. Amma birliyin dağılması qaçılmaz oldu…”.

Andrey Klepaç 12 il VEB-nin baş iqtisadçısı vəzifəsində çalışıb. Bundan əvvəl o, 10 il İqtisadi İnkişaf Nazirliyində Qerman Qreflə işləyib. 2008-ci ildən 2014-cü ilə qədər nazir olmuş Elvira Nabiullina, Aleksey Ulyukayev və Andrey Belousovun (indiki Müdafiə Naziri) yanında nazir müavini vəzifəsində çalışıb.

VEB-ə baş nazirin keçmiş birinci müavini və Putinin köməkçisi İqor Şuvalov rəhbərlik edir.

Karnegi Berlin Mərkəzinin baş elmi işçisi Aleksandra Prokopenko Klepaçın qovulması ilə bağlı mediaya deyib ki, "Rusiyanın ən yaxşı makroiqtisadçılarından biri olan Klepaçın işdən çıxarılması onun dediyi qaçılmaz böhranı aradan qaldırmayacaq”.

E.Qüdrətoğlu

“AzPolitika.info”