Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) "Dünyada insan hüquqları və demokratiyaya dair 2025-ci il üzrə illik hesabatı"nı dərc edib. Sənəddə Ermənistandakı islahatlar, məhkəmə-hüquq sistemi, korrupsiya ilə mübarizə, eləcə də ölkədə mövcud olan ciddi problemlər və insan hüquqları pozuntuları geniş yer alıb.
"AzPolitika" xəbər verir ki, hesabatda İrəvanın ədliyyə, polis və konstitusiya sahəsində iddialı islahatlar aparmağa çalışdığı, lakin vətəndaş cəmiyyətinin bu proseslərin ardıcıllığı və tempi ilə bağlı kəskin tənqidləri ilə üzləşdiyi vurğulanır.
Sənətdə qeyd olunur ki, Ermənistanda vətəndaş cəmiyyəti fəallığını qoruyub saxlasa da, ölkədəki siyasi mühit son dərəcə qütbləşib. Məşğulluq və media sahəsində nisbi plüralizm olsa da, 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə dezinformasiya, xarici müdaxilələr və hibrid təhdidlər kəskin şəkildə aktivləşib. Avropa Xidmətinin hesabatında Ermənistanın hüquq-mühafizə və hərbi sistemindəki qaranlıq məqamlara da diqqət çəkilib:
Ölkədə məhkəməyədək həbs qətimkan tədbirinin həddindən artıq geniş tətbiq edilməsi təcrübəsi saxlanılır. Qanunvericiliyə müəyyən tibbi zəmanətlər əlavə edilsə də, saxlanma yerlərində baş verən ölüm hallarından ciddi narahatlıq ifadə olunur.
2025-ci ildə erməni hərbi qulluqçularının xidmət şəraiti və onlarla rəftar məsələsi yenidən gündəmə gəlib. Xüsusilə orduda döyüş əməliyyatları ilə bağlı olmayan (qeyri-döyüş şəraitində) ölüm hallarının baş verməsi böyük narahatlıq doğurur.
Aİ-nin hesabatında Ermənistanın anti-korrupsiya bazasını GRECO və İƏİT (OECD) standartlarına uyğunlaşdırmaq cəhdləri qeyd edilsə də, 2023–2026-cı illəri əhatə edən V Milli Anti-korrupsiya Strategiyasında ciddi boşluqların olduğu bildirilir. Sənədə əsasən, strategiya risk yönümlü deyil və korrupsiya riski yüksək olan sahələrə, xüsusilə dövlət satınalmaları sektoruna qarşı hədəflənmiş xüsusi tədbirlərdən məhrumdur.
Sosial sahəyə toxunularkən bildirilir ki, 2026-cı il yanvarın 1-dən ölkədə ümumi tibbi sığorta haqqında qanun qüvvəyə minib, eləcə də Qarabağdan köçən 100 mindən çox erməninin inteqrasiyası istiqamətində addımlar atılır. Həmçinin, 2025-ci ilin dekabrında imzalanan "Aİ-Ermənistan Strateji Tərəfdaşlıq Proqramı" çərçivəsində tərəflərin insan hüquqları sahəsində birgə işləyəcəyi vurğulanır.
Rasim
"AzPolitika.info"

Şərhlər