Baş nazir İrakli Kobaxidze həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvilinin son açıqlamasını şərh edib.

“AzPolitika” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Kobaxidze jurnalistlərə açıqlamasında Qaribaşvilinin bəyanatını “çox problemli” adlandırıb və məsələyə şərh verməyəcəyini bildirib.

Baş nazir qeyd edib ki, Qaribaşvili ilə bağlı konkret hökm artıq çıxarılıb və bundan sonrakı məsələlər tamamilə hüquq-mühafizə orqanlarının səlahiyyətindədir: “Bu, çox problemli açıqlamadır. Bu, bizim üçün deyil, onun özü üçün problemdir. Mən bu açıqlamanı gördüm. Nədən söhbət getdiyini bilmirəm. Bildiyim bir şey var - konkret hökm çıxarılıb. Qalan məsələlər tamamilə hüquq-mühafizə orqanlarının işidir. Mən onun açıqlamasına ümumiyyətlə şərh verə bilmərəm. O cümlədən ona görə ki, İrakli Qaribaşvili məndən əvvəl bu vəzifəni tutub və buna görə də onun açıqlamasını qiymətləndirməyim etik baxımdan düzgün olmaz”, - deyə baş nazir vurğulayıb.

Kobaxidze həmçinin dünən “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili ilə əlaqə saxladığını, lakin Qaribaşvilinin məktubunun müzakirə olunmadığını bildirib.

“Dünən müxtəlif məsələlərlə bağlı əlaqəmiz oldu. Məktub yayımlandıqdan sonra, yoxsa əvvəl olduğunu xatırlamıram. Bu məsələni müzakirə etməmişik. Bu barədə danışmamışıq. Məsələni mahiyyət etibarilə müzakirə etməmişik”, - deyə Kobaxidze bildirib.

Baş nazir həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvili və ailəsinin təhlükəsizliyinin tam təmin olunduğunu da bildirib: “Zəmanət verirəm ki, İrakli Qaribaşvilinin və onun ailəsinin təhlükəsizliyi başdan sona qədər qorunur. Mən nəzəri olaraq belə, hansı riskin mövcud ola biləcəyini təsəvvür edə bilmirəm. Əlbəttə, təhlükəsizlik təmin olunub. Mən buna zəmanət verirəm və məhz buna görə dünən yayımlanan məktub mənim üçün anlaşılmazdır. Həm onun, həm də ailəsinin təhlükəsizliyi tam şəkildə qorunur. Bu, ümumilikdə dövlətin məsuliyyətidir. Dövlət öz vətəndaşlarının təhlükəsizliyini qorumağa borcludur və bu halda da təhlükəsizlik təmin olunub”.

Qeyd edək ki, həbsdə olan keçmiş baş nazir İrakli Qaribaşvili ötən gün yaydığı açıqlamada avqustun 18-də geniş məktub yayımlayacağını və cəmiyyətə “öz həqiqətini” açıqlayacağını qeyd edib. Qaribaşvili bildirib ki, onun və ailəsinin təhlükəsizliyinə görə bütün məsuliyyətin Bidzina İvanişvili və bütövlükdə hakimiyyətin üzərinə düşdüyünü bildirib.

Rasim

“AzPolitika.info”