Avqust ayı ölkə daxilində səyahət və istirahət üçün ən çox seçilən dövrlərdən biri olaraq qalır. Yayın son günlərində xüsusilə sərin iqlimi, təbiəti və münasib qiymətləri ilə seçilən bölgələrə maraq artır. Bəs avqust ayında ölkə daxilində ən çox hansı istiqamətlərə səyahət edilir? Bölgələrə istirahətə getmək üçün avqust daha sərfəlidir, yoxsa sentyabr ayını gözləmək?
Mövzunu “AzPolitika”ya şərh edən Skal Baku “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri, turizm eksperti Ceyhun Aşurov deyib ki, ümumiyyətlə, yay ayları insanların daha çox tətil etdiyi dövrdür. Dünyada istirahət edən və səyahət edən insanların əksəriyyəti məhz yay mövsümündə səfərlərini həyata keçirirlər. Azərbaycan da bu baxımdan istisna deyil.
Onun sözlərinə görə, hazırda yayın son ayı olan avqustu yaşayırıq və bu ayda da tətilə gedənlərin sayı az deyil: “Nəzərə alsaq ki, bu dövr həm də məktəblərin və universitetlərin tətilinə təsadüf edir, ailəlikcə insanların daha rahat səyahət etmək imkanı yaranır. Regionlara səfər edənlər, təbii ki, Bakıdan çox da uzaq olmayan, təxminən 3 saatlıq avtomobil yolu məsafəsində yerləşən ərazilərə daha çox üstünlük verirlər. Ona görə də ənənəvi olaraq Quba-Qusar istiqaməti, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Lənkəran daha çox insanların səyahət etdiyi ərazilərdir. Çünki bu bölgələrdə turizm infrastrukturu formalaşıb. Bu da insanlara həmin ərazilərdə daha çox alternativ əldə etməyə və istirahətlərini daha yaxşı təşkil etməyə imkan verir”.
Ekspert qeyd edib ki, eyni zamanda, Gəncə, Naftalan və Gədəbəy istiqamətləri də son dövrlərdə qiymətlərinə görə cəlbedici olub: “Çünki qiymətlər digər regionlarla müqayisədə daha münasibdir. Xüsusən Gəncəyə sürət qatarının olması, oradan Hacıkəndə və Göygölə getmək imkanının yaradılması bu istiqamətin cəlbediciliyini artırır. Digər regionlarla müqayisədə qiymətlərin daha əlçatan və əlverişli olması, həmçinin restoran və ictimai iaşə obyektlərində xidmətlərin, eləcə də otellərin qiymətlərinin daha münasib olması da burada əsas amillərdəndir”.
C.Aşurov vurğulayıb ki, əslində, dərslərin sentyabrın ortalarında başlamasına baxmayaraq, avqustun sonlarında və sentyabrın əvvəllərində regionlara səfərlər kəskin azalır: “Bu, təbii ki, qiymətlərdə də özünü göstərir. Tələbatın azalması ilə əlaqədar qiymətlərin ciddi şəkildə, təxminən 30 faizə qədər endiyini görə bilirik.
Ona görə də bəzi insanlar məhz yaydan sonrakı və ya yaydan əvvəlki dövrlərdə istirahət etməyə üstünlük verirlər. Bu dövr daha sakit olur, qiymətlər də daha münasib olur. Xüsusən sentyabr-oktyabr aylarında insanlar həm istirahət edir, həm də sağlamlıq məqsədilə səfərlər edirlər”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər