Son günlər bir sıra yerli mətbu orqanarda, eləcə də sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən mövzulardan biri də vətəndaşların pensiya yaşına çatmadan topladığı pensiya kapitalından istifadəsinə imkan yaradılmasıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, vətəndaşın fərdi hesabında toplanan pensiya kapitalının müəyyən hissəsindən pensiya yaşına çatmamış istifadə etməsinə imkan yaradılarsa, bu insanların uzun illər ərzində ödədikləri sosial sığorta vəsaitindən müəyyən formada yararlanmasına imkan verə bilər.
Məlumat üçün bildirək ki, vətəndaşın gələcək əmək pensiyasının məbləğini müəyyən edən əsas göstəricilərdən biri onun fərdi şəxsi hesabında toplanan pensiya kapitalıdır. Sadə şəkildə izah etsək, pensiya kapitalı şəxsin işlədiyi dövr ərzində onun adına sosial sığorta sistemində formalaşan və gələcəkdə əmək pensiyasının hesablanmasında istifadə olunan vəsaitdir.
Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Buna görə də minimum məbləğdə yaşa görə əmək pensiyası təminatı üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manat müəyyən edilib. Lakin vətəndaşın əmək pensiyası hüququnun yaranması yalnız pensiya kapitalı ilə məhdudlaşmır.
Mövcud qaydalara əsasən, minimum pensiya kapitalı (46 080 manat) və ya 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərtlərdən biri hesab olunur.
Əsas problem də məhz burada ortaya çıxır. Əmək fəaliyyəti uzun illər fasilələrlə davam edən, aşağı əməkhaqqı alan, qeyri-rəsmi işləyən və ya ümumiyyətlə uzun müddət sosial sığorta sisteminə ödəniş etməyən şəxslərin fərdi hesablarında pensiya yaşına qədər 46 080 manat toplanmır. Belə şəxslər uzun müddət işləsələr də, həm tələb olunan pensiya kapitalını, həm də alternativ olaraq tələb edilən sığorta stajını tamamlamaqla bağlı problemlə üzləşirlər.
Digər tərəfdən, son illər ölkədə pensiya yaşına çatmadan vəfat edənlərin sayında da artım müşahidə edilir. Hesablamalaa görə, 2014–2024-cü illər ərzində Azərbaycanda ümumilikdə 669 min 662 nəfər vəfat edib. Onlardan 271 min 934 nəfəri pensiya yaşına çatmadan həyatını itirib. Başqa sözlə, son 11 ildə vəfat edən hər 10 nəfərdən təxminən 4-ü pensiya hüququ əldə etmədən dünyasını dəyişib. Son statistikaya görə, 2024-cü ildə ümumilikdə 58 min 909 nəfər vəfat edibsə, onlardan 23 min 92 nəfəri pensiya yaşına çatmadan dünyasını dəyişib.
Maraqlıdır ki, vətəndaş tələb olunan kapitalı toplaya bilməyəcəksə, illərlə öz adına formalaşmış və fərdi hesabında görünən kapitaldan daha əvvəl istifadə edə bilərmi?

Bu barədə iqtisadçı Eldəniz Əmirov “AzPolitika”ya şərhində bildirib ki, əslində vətəndaşların pensiya yaşına çatmadan öz pensiya kapitalının bir hissəsindən istifadə etməsi məsələsi yeni müzakirə olunan mövzu deyil. Onun sözlərinə görə, bu məsələ uzun illərdir gündəmdə olsa da, yaxın perspektivdə bununla bağlı konkret qərarın qəbul ediləcəyi gözlənilmir.
“Pensiya yaşına çatmadan öz pensiya kapitalının bir hissəsindən istifadə etmək hüququ bugünün mövzusu deyil. Yəni, bu məsələ uzun illərdir müzakirə olunur. Düşünmürəm ki, yaxın illərdə bununla bağlı konkret qərar qəbul ediləcək. Çünki belə bir qərarın verilməsi üçün bir çox şərtlər təmin olunmalıdır. Burada söhbət vətəndaşlar tərəfindən təmin edilməli olan şərtlərdən getmir. Yəni, bir çox şərtlər təmin edilməlidir və bu şərtlər vətəndaşlardan asılı olmayan şərtlərdir. Bu şərtlər təmin olunmayacağı müddətdə vətəndaşların pensiya yaşına çatmadan pensiya kapitalından istifadə etməsi hazırkı şəraitdə və yaxın üç-beş il ərzində real görünmür”, – deyə iqtisadçı bildirib.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər