Rusiya iqtisadiyyatı öz resurslarını demək olar ki, tamamilə tükəndirib.
“AzPolitika” xəbər verir ki, Vladimir Putinin iqtisadi müşaviri Maksim Oreşkinin rəhbərlik etdiyi “Üçüncü Roma” mərkəzinin hesabatında belə deyilir. “The Moscow Times”-ın sitat gətirdiyi hesabat Rusiya Prezidenti Strateji İnkişaf Şurasının iclası üçün hazırlanıb.
Hesabatda deyilir ki, 2000-ci illərin əvvəllərində Rusiya iqtisadiyyatı ildə 6-7% böyüyürdü. 2008-ci ildən sonra bu temp 2%-ə qədər yavaşladı. Ukraynaya qarşı işğalın ilk dövründə hərbi bum qısa müddətə iqtisadi artımını 4%-ə çatdırdı, lakin indi bu temp keçən il 1%-ə, bu il isə ondan da aşağı düşüb.
Hesabatı hazırlayan analitiklərinin fikrincə, büdcə axınlarına əsaslanan meqalayihələr öz imkanlarını tükəndirib. Vladimir Putin 2018-ci ildən bəri qlobal tempdən (ildə 3%) az olmayan ÜDM artımı tələb etsə də, buna nail olunmayıb. Ölkənin hazırkı iqtisadi artım potensialı illik cəmi 1,6% təşkil edir. Bu, ABŞ iqtisadiyyatından (2,3%) təxminən 1,5 dəfə, qlobal iqtisadi artım tempindən (3%) 2 dəfə, Çindən (4,6%) 3 dəfə və Hindistandan(6,4%) 4 dəfə azdır.
Hesabatda deyilir ki, Rusiyada demək olar boş işçi qalmayıb və bu tələbat dövlət tərəfindən sonsuz şəkildə təmin edilə bilməz. Mərkəz hesab edir ki, iqtisadi böyüməni bərpa etmək üçün dövlət investisiya modelindən özəl əmanətlərin istifadəsinə keçmək, əhali və müəssisələrin iqtisadiyyata investisiya qoyması üçün şərait yaratmaq lazımdır. Lakin hazırkı müharibə şəraitində buna nail olunması olduqca problemlidir.
Rusiyada investisiya qoyuluşları sürətlə azalmaqdadır. Rosstat-ın məlumatına görə, keçən il bu göstərici 2,3% azalıb. Bu ilin birinci rübündə isə azalma 14,3%-ə çatıb ki, bu da son 16 ildə rekord səviyyədir. Bu azalmanı büdcə vasitəsilə kompensasiya etmək isə getdikcə çətinləşir. Müharibənin başlanğıcından bəri yığılmış büdcə kəsiri artıq 22 trilyon rubla çatıb.
“AzPolitika.info”

Şərhlər