Rusiyanın Ukraynadakı müharibəni davam etdirməsi və Ukrayna PUA-larının artan zərbələri fonunda rusiyalılar banklardan kütləvi şəkildə nağd pul çıxarmağa başlayıblar.

"AzPolitika" bu barədə Rusiya mediasına istinadla xəbər verir.

Rusiya Federasiyası Mərkəzi Bankının göstəricilərinə görə, ilin əvvəlindən bəri bank sistemindən 2 trilyon rubldan çox vəsait nağdlaşdırılıb. İyul ayında isə Mərkəzi Bank nağd pul çıxarılması üzrə rekord göstərici qeydə alıb.

Euronews-un verdiyi məlumata görə, nağd pula olan tələbat martın əvvəlindən yüksəlməyə başlayıb və artmaqda davam edir; hər ay hesablardan təxminən 300 milyard rubl çekilir. Ölkənin yeddi ən böyük kredit təşkilatından beşi ciddi nağd pul axını ilə üzləşib. Bu banklarda vətəndaşların 1 trilyon rubldan çox vəsaiti saxlanılırdı.

Tənzimləyici qurumun ümumi hesablamalarına əsasən, ilin başlanğıcından bəri Rusiya bank sistemindən 2,4 trilyon rubl nağd pul şəkilində çıxarılıb. Təkcə avqust ayının ilk yarısında bu rəqəm təxminən 300 milyard rubl təşkil edib.

Rusiya Maliyyə Nazirliyinin keçmiş rəsmisi Washington Post nəşrinə müsahibəsində bu vəziyyətin banklar üçün gözlənilməz olduğunu bildirib: "Banklar bunu proqnozlaşdırmırdılar və həmin vəsaitləri müxtəlif aktivlərə yönəltmişdilər, indi isə əhali hər ay yarım trilyon rubla yaxın pul çıxarır."

E. Səlimov

AzPolitika.info