Ermənistan Milli Məclisində komitə sədrlərinin seçilməsi ətrafında gərginlik səngimək bilmir. 

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, iqtidardakı “Mülki Müqavilə” partiyası müxalifətin təqdim etdiyi namizədləri ard-arda rədd edərək prosesi uzadır. Avqustun 2-dən başlayan iclaslar artıq 16-cı sessiyaya keçsə də, parlament hələ də rəhbər orqanlarını formalaşdıra bilməyib.

Məlumata görə, parlament Maliyyə, Kredit və Büdcə Məsələləri Daimi Komissiyasının sədrliyinə “Güclü Ermənistan” fraksiyasından Lianna Manukyanın namizədliyini müzakirə etməyə davam edir. Bütövlükdə isə üç komissiyada namizəd irəli sürmək hüququ olan “Güclü Ermənistan” fraksiyasının indiyədək təqdim etdiyi namizədlərin heç biri seçilə bilməyib.

Fraksiya daha əvvəl Maliyyə, Kredit və Büdcə Məsələləri Daimi Komissiyasının sədrliyinə Hayk Farmanyanı, Ərazi İdarəetmə Komissiyasına Davit Qazinyanı, Avropaya İnteqrasiya Komissiyasına isə Areqa Hovsepyanı namizəd göstərmişdi. Lakin “Mülki Müqavilə” fraksiyasının əleyhinə səs verməsi səbəbindən onların heç biri lazımi səsi toplaya bilməyib. Bu uğursuzluqdan sonra fraksiya yalnız bir komissiya üzrə namizədini dəyişərək Lianna Manukyanı irəli sürüb. Digər iki komissiya üçün yeni adların açıqlanıb-açıqlanmayacağı isə hələ də qeyri-müəyyən qalır.

Qeyd olunur ki, yeni namizəd Lianna Manukyan seçiləcəyi təqdirdə əsas prioritetinin büdcəyə effektiv nəzarət mexanizmlərinin tətbiqi olacağını bəyan edib. İqtidar təmsilçiləri isə bu dəfə mövqelərini yumşaldacaqlarının anonsunu veriblər. “Mülki Müqavilə” partiyasının nümayəndəsi Arayik Harutyunyan yeni namizədə qarşı müsbət münasibətin olduğunu bildirib.

Harutyunyan əvvəlki namizəd Hayk Farmanyanın rədd edilməsini onun keçmiş bioqrafiyası ilə əsaslandıraraq deyib: “Əvvəlki namizədə nədən səs vermədiyimizi soruşursunuz. Səsvermə zamanı hər kəs belə ağır bioqrafik yükü olan bir namizəd üçün məsuliyyəti üzərinə götürmək istəmir. Bu halda düşünürəm ki, fərqli bir qərar veriləcək”. Digər iqtidar deputatı Sisak Qabrielyan da Manukyanın bu vəzifəyə daha əvvəl namizəd göstərilməməsindən təəssüfləndiyini vurğulayıb.

Müxalifət isə baş verənləri iqtidarın siyasi sabotajı kimi qiymətləndirir. “Güclü Ermənistan” partiyasının üzvü Edgar Qazaryan bəyan edib ki, “Mülki Müqavilə” parlamentin işini qəsdən iflic edir: “Avqustun 2-dən bəri işləyirik, 16-cı iclasdayıq və ölkə üçün vacib siyasi məsələlərin müzakirəsinə hələ keçə bilməmişik. İndi Farmanyan, yaxud Manukyan seçilsə də, parlamentin işində əsaslı heç nə dəyişməyəcək. Bütün bunları yubatmagın nə mənası var? İndi hazır namizədləri seçmirlər, çünki Nikol Paşinyanın parlamentə gəlməsini istəmirlər. Hökumət buraya gəlməlidir ki, biz nəzarət funksiyamızı həyata keçirək”.

İqtidar deputatı Babken Tunyan isə sabotaj ittihamlarını rədd edərək müxalifətin hər bir namizədini fərdi şəkildə qiymətləndirmək hüquqlarının olduğunu müdafiə edib.

Sessiya zamanı tərəflər arasında qarşılıqlı korrupsiya ittihamları da səslənib. “Mülki Müqavilə”dən olan deputat Mariya Karapetyan müxalifətin əvvəlki namizədi Hayk Farmanyana müraciət edərək, onun keçmiş hakimiyyət dövründəki sistemli korrupsiyadakı roluna eyham vurub. Farmanyan isə bu ittihamlara kəskin cavab verərək, “Əgər əlinizdə fakt varsa, bütün talançıları tutun. Ermənistanda maraqlarını qoruyacağım heç bir korrupsioner yoxdur”, - deyə bildirib.

Milli Məclisin vitse-spikeri Hayk Konjoryan müzakirələrin uzanması səbəbindən günə əlavə iclasın salındığını bəyan edib. Parlamentin hökumət proqramının müzakirəsinə qədər komissiya sədrlərinin seçimini tamamlayıb-tamamlamayacağı, yoxsa prosesin hökumət proqramının təsdiqindən sonraya saxlanılacağı hələlik dəqiqləşməyib.

Rasim

“AzPolitika.info”