Rayonlardan birində yol kənarında təbii şəkildə bitən böyürtkənləri toplayan qadınların cərimələndiyi barədə məlumat yayılıb. Hadisənin konkret hüquqi əsasları açıqlanmasa da, bu məsələ yabanı meyvə və giləmeyvələrin toplanması ilə bağlı qaydaları gündəmə gətirib.

Qanunvericilikdə hansı ərazilərdə və hansı hallarda belə məhsulların yığılmasına məhdudiyyət qoyulur? Yol kənarında və təbii şəraitdə bitən böyürtkənləri toplamaq hansı hallarda qanun pozuntusu sayılır?

Məsələ ilə bağlı “AzPolitika”ya açıqlamasında vəkil, hüquqşünas Elnur Məmmədov deyib ki, Azərbaycan qanunvericiliyinə görə, yabanı böyürtkən və digər giləmeyvələrin təbii şəraitdə bitməsi onların hər yerdə sərbəst şəkildə yığılmasına avtomatik hüquq vermir.

Onun sözlərinə görə, Mülki Məcəllənin 189-cu maddəsi meşələrdə və digər ərazilərdə giləmeyvə yığılmasını, bunun qanunvericiliyə, mülkiyyətçinin ümumi icazəsinə və ya yerli adətə uyğun olduğu hallarda mümkün sayır: “Əsas məhdudiyyət ərazinin hüquqi statusu ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahələrində yabanı meyvə, giləmeyvə və digər məhsulların yığılması qadağan edilmiş və ya yalnız meşə bileti əsasında mümkün olan sahələrdə icazəsiz yığım inzibati xəta sayılır. Fiziki şəxslər bu halda 400-600 manat cərimə edilə bilər. Deməli, sadəcə yol kənarında böyürtkən yığmaq faktı öz-özlüyündə cərimə üçün kifayət deyil”.

Hüquqşünas qeyd edib ki, cərimənin hüquqi əsaslı olması üçün həmin yerin, məsələn, meşə fondu ərazisi olması və orada yığımın qadağan edilməsi və ya meşə bileti tələb olunması kimi konkret hüquqi hal müəyyən edilməlidir: “Ərazi meşə fondu olmayan və yığımın xüsusi qaydada qadağan edilmədiyi sahədirsə, yalnız böyürtkən toplama faktına görə İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə cərimə tətbiq edilməsi əsaslandırılmalıdır.

Belə hadisədə hüquq-mühafizə və ya nəzarət orqanı cərimə tətbiq edibsə, vətəndaş ilk növbədə protokolda göstərilən maddəni, yığımın həyata keçirildiyi torpağın hüquqi statusunu və həmin ərazidə yığıma qadağa/meşə bileti tələbinin mövcudluğunu yoxlamalıdır. Bu məlumatlar olmadan “böyürtkən yığmaq qadağandır” kimi ümumi nəticə çıxarmaq hüquqi baxımdan düzgün deyil”.

Oğuz Ayvaz

AzPolitika.info