Tanınmış rusiyalı jurnalist və əsasən Kremlə yaxın media fiquru sayılan Maksim Şevçenko sensasiyalı müsahibə ilə çıxış edib.
“AzPolitika” xəbər verir ki, sosial mediada rezonans doğuran bu müsahibəsində M.Şevçenko Kreml üçün məqbul sayılmayacaq bir sıra etiraflar edib.
Jurnalist qeyd edib ki, Rusiya Ukraynanı düz qiymətləndirməyib və nəticədə “tələyə düşüb”.
Özü də Ukrayna kökənli olan Şevçenko ilk növbədə qeyd edib ki, Kremlin hər zaman təkrarladığı tezislərin əksinə olaraq, ukraynalılar və ruslar eyni xalq, eyni millət deyil.
O deyib ki, Ukraynada ruslardan öz mentaliteti, dili, tarixi və mədəniyyəti ilə tamamilə seçilən başqa bir xalq yaşayır: “Bu məkan mental olaraq rus məkanı deyil... O, formal olaraq Rusiya imperiyasının tərkib hissəsi olub. Mental olaraq isə onlar rus adamı deyillər, ruslar tamamilə başqa adamlardır. Ukrayna dili də tamamilə başqa bir dildir və o, rus dilinin dialekti deyil. Bu, tamamilə başqa bir dildir, xoşumuza gəlsə də, gəlməsə də. Üstəlik, onlar mental olaraq da başqadırlar”.
Bundan əlavə, Şevçenko Rusiyanın Kiyevin tarixi rus şəhəri olduğuna dair irəli sürdüyü iddiaları da rədd edib: “Ukrayna və Kiyev Rusiyanın hakimiyyəti altına 17-ci əsrin ortalarında düşüb. Buna qədər Kiyev bir neçə yüz il katolik şəhər olub”.
Ardınca, Şevçenko deyib ki, Rusiyanın işğalı nəticəsində Ukraynadakı rusdilli əhali və Rusiyaya kifayət qədər yaxşı yanaşan insanların mövqeyi tamamilə əks istiqamətə dəyişib: “Tanklar Ukraynanın Çerniqov vilayətinə girdilər. Orada hamı Rusiyanı sevirdi. Amma tanklar girəndən sonra onların mövqeyi dəyişdi və onlar silaha sarıldılar”.
Daha sonra Şevçenko Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlanmasının böyük strateji səhv olduğuna eyham vurub və qeyd edib ki, Qərbin dəstəyi Ukraynaya Rusiya qarşısında bir sıra vacib üstünlüklər verib: “Qərb texnoloji üstünlüyə malikdir. Ukrayna, məsələn, Tayvana gedə və 1 milyard dollarlıq çip ala bilər. Amma biz bunu edə bilmirik. Bilmirik, vəssalam!. Onların ən müasir Süni İntellektə, ən müasir mikroçiplərə, “Starlink” kosmik qruplaşmasına çıxışı var. Bunların analoqu Rusiyada yoxdur. Onlar Süni İntellektli robotlaşmış PUA-lar düzəldə bilirlər və sair. Onlar üçüncü ölkələrin vasitəsilə deyil, birabaşa istənilən növ silahlar, proqramlar, avadanlıqlar ala bilirlər. Onlara ayrılan 90 milyard avro çox böyük pullardır. Buna super müasir hərbi sənaye qurmaq olar. Biz isə hər şeyi hansısa İndoneziya kimi üçüncü ölkələr vasitəsilə almağa çaılışırıq”.
Nəhayət, buna görə Kremli birbaşa ittiham etməkdən çəkinən Şevçenko Rusiyanın Ukraynada tələyə salındığını bildirib: “Ukraynanı bütünlüklə İttifaq Dövləti kimi almaq imkanı vardı. Moskva-Minsk-Kiyev ittifaqı yaratmaq olardı. Lakin görünür, Qərbdə gələcək şahmat gedişlərini öncədən daha uzun müddətə hesablamaq qabiliyyəti Moskvadan üstündür... Nəticədə Ukrayna Rusiya üçün tələyə çevrildi. Qərb onu buraya saldı. Rusiya Ukraynaya saymazyana yanaşdı. Bu saymazlıq isə faciə ilə nəticələndi. Bu gün biz tələdəyik və çox istərdik ki, ondan ləyaqətlə çıxa bilək”.
Şevçenkonun dediklərinə nə isə əlavə etmək çətindir. Onun demədiyi, yaxud deyə bilmədiyi isə doğrudan da sonradan böyük faciəyə çevrilən bu ədalətsiz, açıq işğalçılıq müharibəsinə başlayanın, buna görə məsuliyyət daşıyanın kimliyidir...
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər