Menu

Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu + VİDEO

25.08.2026, 10:48
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu + VİDEO

Ağdamda baş verən qətlin təfərrüatı məlum olub.

"AzPolitika" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə Eldəniz Qənbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub.

Belə ki, E.Qənbərov həyat yoldaşını geri aparmaq üçün qayınatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qayınatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşdikdən sonra yenidən danışmağı təklif edib.

Məlumata görə, bundan əsəbiləşən Eldəniz Qənbərov gecə saatlarında yenidən qayınatasının evinə qayıdıb. O, pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qayınatasını bıçaqlayıb.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətldə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qənbərov saxlanılıb.

E.Qənbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir.

Qeyd edək ki, ötən ilin sonunda ailə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişinə çıxmış, E.Qənbərov həyat yoldaşının göz əməliyyatı üçün müraciət etmişdi. Yaxınlarının bildirdiyinə görə, əməliyyata səbəb isə Eldənizin həyat yoldaşını döyməsi və zərbələr nəticəsində onun gözündə yaranan korluq olub. Qadın verilişdə ona yaxınlaşmaq istəyən həyat yoldaşını özündən itələyərək uzaqlaşdırmış, ondan qorxduğunu bəlli etmişdi.

Məlumat üçün bildirək ki, Eldəniz Qənbərov və həyat yoldaşının nikahından 5 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol