Avqustun 25-i səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "Boeing C-17 Globemaster III" tipli ağır hərbi-nəqliyyat təyyarəsi Moskva şəhərinin "Vnukovo" hava limanına eniş edib.
“AzPolitika” xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya izləmə xidmətinin məlumatlarına istinadən Rusiya KİV-ləri məlumat yayıb.
RCH4555 bort nömrəli hərbi təyyarənin uçuş xəritəsi aşağıdakı ardıcıllıqla qeydə alınıb.Təyyarə ABŞ-ın Merilend ştatındakı "Kemp-Springs" ərazisindən (ABŞ prezidentinin "Air Force One" bortunun yerləşdiyi "Endryus" hərbi hava bazasından) qalxaraq Latviyanın paytaxtı Riqaya gəlib. 25 avqust səhər saat 08:50-də Riqadan havalanan təyyarə saat 10:04 radələrində Moskvaya çatıb və "Vnukovo" hava limanına enib. Açıqlanan son məlumatlara görə, radarlar hazırda təyyarənin növbəti hərəkətini izləyə bilmir və onun hava limanında qaldığı ehtimal edilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Kremlin ABŞ hərbi təyyarəsinin Moskvaya gəlişi ilə bağlı məlumatsız olduğunu bildirib. Peskov vurğulayıb ki, rəsmi Moskva bu həftə ABŞ administrasiyasının nümayəndələri ilə hər hansı görüş keçirməyi planlaşdırmır.

Qeyd edək ki, "Boeing C-17 Globemaster III" təyyarələri 77,5 tona qədər ağır hərbi texnika, zirehli maşınlar, helikopterlər və şəxsi heyəti uzaq məsafələrə daşımaq imkanına malikdir. ABŞ tərəfi rəsmi olaraq xüsusi bortun Moskvaya hansı məqsədlə və hansı yüklə gəldiyi barədə hələlik açıqlama verməyib.
Rasim
“AzPolitika.info”

Şərhlər