İran Hörmüz boğazı ilə bağlı yeni plan təklif edib.
"AzPolitika" xəbər verir ki, İran Hörmüz boğazında yeni dəhlizin yaradılması, minaların birgə təmizlənməsi və gələcək idarəetmə mexanizmi ilə bağlı plan irəli sürüb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
O qeyd edib ki, İranın sülh və sabitliyə sadiqliyi qonşu ölkələrlə aparılan möhkəm diplomatiya ilə dəstəklənir. Pakistanlı və omanlı rəsmilərlə keçirilən danışıqlarda regional həll yollarına xüsusi diqqət yetirilib.
Xatırladaq ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi də Hörmüz boğazında müvəqqəti dəhliz yaradılması və təhlükəsiz naviqasiyanın bərpası üçün praktiki addımların tezliklə elan ediləcəyini bildirib.
Beləliklə, İran və Oman tərəfləri boğazın təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işləri davam etdirirlər.

Şərhlər