Xəbər verildiyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff gözlənilmədən Moskvaya səfər edib. Səfərin xüsusilə də Rusiya tərəfindən məxfi saxlanması cəhdləri isə baş tutmayıb.

Dünən MKİ direktorunu daşıyan təyyarə gözlənilmədən Moskvanın Vnukovo hava limanına eniş edib, bundan sonra ABŞ diplomatik nömrə nişanlı avtomobillərdən ibarət kortec paytaxt küçələrindən keçib. Təyyarənin enişi bə avtomobil kortecinə dair videogörüntülər sosial mediada yayımlansa da, Kreml öncə iddia edib ki, Amerika təyyarəsinin gəlişi barədə heç bir məlumata malik deyil. 

Dünən səhər Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistlərə bildirib ki, Moskvanın Vnukovo hava limanına eniş edən Amerika təyyarəsi barədə guya heç nə bilmir. 

Cəmi bir neçə saat sonra isə həmin Dmitri Peskov səfəri TASS-a təsdiqləyib, lakin deyib ki, Vladimir Putin MKİ şefinin Moskvaya səfəri zamanı onunla görüşməyib: "Putinlə əlaqələr planlaşdırılmayıb".

Kreml sözçüsünün öncə ümumiyyətlə, belə bir səfərin olduğunu inkar etməsi, onun Putinlə Retkliff arasında görüşün olmadığı barədə açıqalmasını da şübhə altına alır…

Peskov "The Washington Post"a verdiyi şərhdə Retkliffin "kəşfiyyat orqanları arasında əlaqələr qurmaq üçün” Rusiya paytaxtına səfər etdiyini qeyd edib. O, səfərin digər detallarını açıqlamaqdan imtina edib.

Bu arada "The Wall Street Journal" qeyd edir ki, Retkliffin səfəri ABŞ kəşfiyyatının Putinin gələcək planları haqqında məlumatları ilə əlaqəli ola bilər. Xüsusilə, nəşrin məlumatına görə, Rusiya hərbi qulluqçuları Kalininqrad vilayətində və digər bölgələrdə səfərbərlik hazırlığı təlimləri keçirib, Müdafiə Nazirliyinin infrastrukturunu yeni əsgərləri qəbul etməyə və onları ərzaq və silahla təmin etməyə hazırlıq baxımından sınaqdan keçiriblər. Bundan əlavə, ABŞ kəşfiyyatı Putinin NATO-nun dayanıqlığını sınamağa çalışa biləcəyi barədə məlumat alıb.

ABŞ Milli Kəşfiyyatının keçmiş direktor müavini Bette Sanner nəşrə bildirib ki, "Məqsəd Rusiyaya “Biz nə etdiyinizi bilirik və bunu etməməyiniz daha yaxşıdır” deməkdir”. O əlavə edib ki, səfər həmçinin İranda atəşkəs və danışıqlara digər tərəflərin daxil edilməsi ilə də əlaqəli ola bilərdi.

Bu arada Ukrayna mediası bildirib ki, Retkliffin məqsədi enerji sektorlarına və limanlara hücumlara qarşı Rusiya-Ukrayna qarşılıqlı moratoriumunu müzakirə etmək olub. Sumı və Xarkov bölgələrində atəşkəs də ümumi gərginliyin azaldılması istiqamətində atılan addım kimi müzakirə olunub.

Retkliffin təyyarəsi Moskva vaxtı ilə saat 18:50 radələrində Vnukovodan Latviyaya doğru yola düşüb. "Kommersant" qəzetinin “Flightradar” məlumatlarına istinadən verdiyi məlumata görə, onu Rusiyanın yüksək vəzifəli rəsmilərini daşımaq üçün istifadə olunan "Rossiya" xüsusi təyinatlı qüvvələrinə məxsus təyyarə müşayiət edib.

Con Retkliff Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə 23 yanvar 2025-ci ildə gətirilib. Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Uilyam Börns 2021-ci ilin noyabr ayında Moskvaya səfər edib. O, Təhlükəsizlik Şurasının o vaxtkı katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də daxil olmaqla, Rusiya rəsmiləri ilə görüşüb. Börns həmçinin Putinlə telefon danışığı aparıb. CNN-in məlumatına görə, müzakirə mövzusu işğaldan əvvəl Ukrayna sərhədində "Rusiya qoşunlarının hərəkəti" olub.

İndiki səfərdə Retkliffin Putinlə təmasda olub-olmadığı məsələsi isə açıq qalır. Buna baxmayaraq, MKİ şefinin ABŞ tərəfinin mövqeyini hansısa fornada onun nəzərinə çatdırdığı şübhə doğurmur.

C.Məmmədli

“AzPolitika.info”