Azərbaycanda pensiyaların indeksləşdirilməsi və artımı fonunda yaşlı insanların real gəlirləri məsələsi yenidən müzakirə olunur. Ərzaq, dərman və kommunal xərclərin yüksəlməsi pensiyaların alıcılıq qabiliyyətinə təsir edir.
Pensiyalar real bahalaşmanı tam kompensasiya edirmi? Azərbaycanda minimum pensiya hansı məbləğdə olmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirb ki, pensiyaların indeksləşdirilməsi və artırılması müsbət addımdır, amma yaşlı insanların real gəlirlərini qiymətləndirərkən yalnız pensiyanın nominal artımına baxmaq kifayət deyil.
Onun sözlərinə görə, əsas məsələ pensiyanın alıcılıq qabiliyyətinin, yəni əvvəlki illə müqayisədə həmin məbləğə nə qədər ərzaq, dərman və digər zəruri xidmət almağın mümkün olmasıdır: “Əslində indeksləşdirmə zamanı pensiyaçının tələbatına uyğun xüsusi inflyasiya indeksi çıxarılmalıdır. Xüsusilə yaşlı insanların xərclərində ərzaq, dərman və kommunal ödənişlərin payı yüksək olduğuna görə onların hiss etdiyi bahalaşma ümumi inflyasiyadan fərqlənə bilər. Bu fərq indeksləşdirilmə zamanı mütləq nəzərə alınmalıdır. Ona görə pensiyanın inflyasiya qədər artırılması belə hər zaman real gəlirin tam qorunması demək deyil. Əgər ərzaq və dərman qiymətləri orta inflyasiyadan daha sürətlə artırsa, pensiya nominal olaraq yüksəlsə də, insanın real həyat səviyyəsi əvvəlki kimi qala və hətta aşağı düşə bilər. Bu baxımdan pensiyaların indeksləşdirilməsi mexanizmi ilə yanaşı, aztəminatlı və təkcə pensiya hesabına yaşayan yaşlı insanların konkret xərcləri də nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, minimum pensiyanın məbləğinə gəldikdə isə, bunu yalnız müəyyən bir rəqəm kimi deyil, minimum yaşayış və zəruri istehlak xərcləri əsasında müəyyənləşdirmək daha doğru olar: “Minimum pensiya insanın yalnız ərzaq almağına deyil, kommunal xərclərini, dərman və tibbi ehtiyaclarını, geyim və digər zəruri xərclərini də qarşılamağa imkan verməlidir. Məncə, minimum pensiya ilə minimum yaşayış ehtiyacları arasında ciddi fərq olmamalıdır və bu məbləğ mütəmadi olaraq real istehlak səbətinin qiymətinə uyğunlaşdırılmalıdır”.
A.Nəsirli sonda vurğulayıb ki, ən optimal yanaşma pensiyaların ildə bir dəfə formal şəkildə artırılması deyil, yaşlı insanların real alıcılıq qabiliyyətinin qorunmasıdır:
“Bunun üçün indeksləşdirmə zamanı ümumi inflyasiya ilə yanaşı, ərzaq və dərman qiymətlərinin dinamikasına da xüsusi çəki vermək, aşağı pensiya alan şəxslər üçün əlavə sosial dəstək mexanizmləri yaratmaq daha effektiv nəticə verə bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər
Suverenlik qərinəsini hərbi əsarətdə keçirsə də, bir qərinəsini yaşayıb! Lakin, Əmək haqqı və Pensiya üzrə aid dövlət dairələri, ictimai hüquq sahələri, qhtlər, STM, İnsan haqları komitəsi fəaliyyətlərinə baxmayaraq razılıqlı bir nizam, rəqəm, qayda-qanun var, ya da qüvvədə olan vahid avropa tarif dərəcəsinin tətbiqinə Miilli Məclis cürət edir?
40 il işləyirsən aldığın aylıq maaş pul bir qarın doydurmağa da bəs etmir. Sonra da pensiyaya çıxırsan pensiya aşağ,ı dərman baha, kommunal baha.......................
Mən 364 m.pensiya alıram ama aldığım bu pensiya demək olarki çox problemləri həll etmir...Nə kommunal xərcləri nə dərmanlarını almaq nədə qidalanmaqcin heç bir ay beş etmir...hələ üstəlik fəsilə görə geyim almağa xeyrə şərə getmeye çatmir...48 il ayaq döyüb işləyib DOVLETE xeyr verdim...Ama dövlətimin mənə verdiyi pensiya dilənçi puludur elebil..yaxşı olardı ki heç olmasa pensiyaları minimum 1000 manata çatdırın...haqqa girməyin ..Gunahdir
Bizm "Pensiya Sistemimiz"in bu gün belə olmasının baiskarı "fırıldağçı" Səlim Müslümovdur, elə bir sistem qurublar ki, sosial ədalət deyilən bir şey yoxdur. Pensiyalar arasında nisbət 2:1-dən artıq olmamalıdır, yəni minimal pensiya 500 manatdırsa, maksimal pensiya da ən uzağı 1000 manat olmalıdır. Sovet dönəmində minimum pensiya 70 rubl, maksimum pensiya isə 120 rubl idi və bu da sosial ədaləti təmin edirdi. Bu günkü reallığla yanaşsaq minimal pensiya 750manat və daha çox, maksimal pensiya isə 1500manatdan artıq olmamalıdır və bu da olar SOSİAL ƏDALƏT...
Bizm "Pensiya Sistemimiz"in bu gün belə olmasının baiskarı Səlim Müslümovdur, elə bir sistem qurublar ki, sosial ədalət deyilən bir şey yoxdur. Pensiyalar arasında nisbət 2:1-dən artıq olmamalıdır, yəni minimal pensiya 500 manatdırsa, maksimal pensiya da ən uzağı 1000 manat olmalıdır. Sovet dönəmində minimum pensiya 70 rubl, maksimum pensiya isə 120 rubl idi və bu da sosial ədaləti təmin edirdi. Bu günkü reallığla yanaşsaq minimal pensiya 750manat və daha çox, maksimal pensiya isə 1500manatdan artıq olmamalıdır və bu da olar SOSİAL ƏDALƏT...