İran Xarici İşlər Nazirliyi Vaşinqtonun Tehrana qarşı başlatdığı son iqtisadi təzyiq kampaniyasını sərt şəkildə pisləyib və dünya ölkələrinə xəbərdarlıq edib. Tehran bəyan edib ki, ABŞ-ın bu addımlarına qoşulmaq müstəqil dövlətlərə tək bir ölkənin qanunsuz iradəsini diktə etmək deməkdir.

"Al Jazeera" telekanalının verdiyi məlumata görə, İran XİN-in yaydığı rəsmi bəyanatda ABŞ sanksiyalarının BMT Nizamnaməsini kobud şəkildə pozduğu vurğulanıb. Tehran Vaşinqtonun bu addımını ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi qarşıdurmanın davamı və açıq "iqtisadi müharibə" elanı kimi qiymətləndirib.

Xatırladaq ki, ABŞ administrasiyası İrana qarşı yeni genişmiqyaslı sanksiyalar paketi tətbiq etdiyini elan edib. Vaşinqton eyni zamanda Tehranın bu sanksiyalardan yayınmasına hər hansı formada yardım edən bütün üçüncü ölkələrin və şirkətlərin sərt şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyi isə ABŞ-ın bu siyasətini "dövlət terrorizmi" və insanlığa qarşı cinayət adlandırıb. Bəyanatda qeyd olunur ki, iqtisadi məhdudiyyətlər milyonlarla dinc sakinin sağlamlığını, sosial rifahını və yaşayış vasitələrini birbaşa təhlükə altına atır.

Tehran Birləşmiş Millətlər Təşkilatını (BMT) və quruma üzv dövlətləri də kəskin tənqid edib. İran tərəfinin qənaətincə, beynəlxalq birliyin Vaşinqton və İsrailin hüquq pozuntularına adekvat reaksiya verməməsi onları daha kütləvi və qanunsuz addımlara həvəsləndirir.

Bəyanatın sonunda vurğulanıb ki, İran ABŞ və İsrailin hərbi və iqtisadi təzyiqlərinə qarşı öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün əlindəki bütün imkan və resurslardan sonadək istifadə etmək əzmindədir.

“AzPolitika.info”