Menu

REGİONLARDA SƏNAYELƏŞMƏ NİYƏ LƏNGİYİR? – Deputat səbəbləri AÇIQLADI

30.08.2026, 21:07
REGİONLARDA SƏNAYELƏŞMƏ NİYƏ LƏNGİYİR? – Deputat səbəbləri AÇIQLADI

Sənaye müəssisələrinin mühüm hissəsi paytaxt və iri şəhərlərdə cəmləşib. Halbuki regionlarda xammal, əmək resursları və istehsal üçün müxtəlif imkanlar mövcuddur. Böyük müəssisələrin bölgələrdə az olması həm məşğulluğa, həm də rayonların iqtisadi inkişafına təsir göstərir.

Regionlarda sənayeləşmənin qarşısını alan əsas problem nədir və hansı rayonların sənaye potensialından hələ tam istifadə olunmur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, son illər Azərbaycanda sənayeləşmə prosesində desentralizasiya müşahidə olunur.

Onun sözlərinə görə, sənaye müəssisələrinin bir qismi artıq regionlara köçürülüb.

Deputat xüsusilə Ağdam Sənaye Parkının fəaliyyətə başlamasını qeyd edib. O bildirib ki, parkda bir neçə iri, o cümlədən istehsal müəssisəsi fəaliyyət göstərir.

“Bu, sənaye müəssisələrinin paytaxt və iri şəhərlərdən regionlara köçürülməsi prosesinin göstəricisidir. Bu, mərhələli prosesdir. Burada bir sıra amillər, o cümlədən infrastrukturun mövcudluğu, bazarın həcmi, alıcılıq qabiliyyəti, nəqliyyat və logistika xərcləri mühüm rol oynayır. Müəssisələrin istehsal etdiyi məhsullar daxili bazara yönəldilirsə, bazarın həcmi və alıcılıq qabiliyyəti əsas amillərdən biridir. Məhsullar ixrac olunursa, bu zaman nəqliyyat və logistika imkanları xüsusi əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov qeyd edib ki, son illərdə regionlarda infrastrukturun inkişafı istiqamətində mühüm işlər görülüb: “Regional sosial-iqtisadi inkişafla bağlı dövlət proqramları çərçivəsində bölgələrdə müvafiq infrastruktur formalaşdırılıb. Nəqliyyat və logistika imkanlarının daha da yaxşılaşdırılması iri müəssisələrin regionlara köçürülməsini sürətləndirəcək. Praktik olaraq müşahidə olunan məqam ondan ibarətdir ki, regionlarda nəqliyyat və logistika imkanları inkişaf etdikcə, daha çox iri müəssisənin bölgələrə köçürülməsinin şahidi olacağıq”.

Deputat Ağdam nümunəsində dövlət dəstəyinin gücləndirilməsinin və güzəştlərin əhatə dairəsinin genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb: “Həmçinin sənaye müəssisələrinin regionlara köçürülməsinin təşviqi üçün dövlət proqramlarının genişləndirilməsinə ehtiyac var. Bu cür təşviq mexanizmləri yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, digər bölgələrdə fəaliyyət göstərən sənaye parkları və sənaye məhəllələrinə də daha çox iri müəssisənin cəlb olunmasına imkan verə bilər”.

Oğuz Ayvaz

“AzPolitik.info”

Şərhlər

Əçrəf 2026-08-31 22:25:37

Şərhimi verin,əks halda sizi də oxumağa son qoyacağıq...

Əşrəf 2026-08-31 01:00:08

Daşkəsən rayonundakı Azərbaycan Dağ mədən Filiz saflaşdırma kombinatı iki həftədə yer üzündən sildilər,fabrik və yardımçı binaları,yeddi kilometrlik paralel üç kanat yolu sistemini ,yeddi-səkkiz müdafiə körpülərini söküb apardılar...Beləcə Daşkəsən şəhərini bir kabus şəhərə döndərdilər...Halbuki sovet dönəmində bu müəssisədə üç-dörd min adam çalışırdı,Daşkəsəni Azərbaycanın Uralı adlandırırdılar...Daşkəsəndə Qızıl yatağını işə salandan sonra,Dəmir filiz,Alyuminium yataqları yaddan çıxdı..Yaddan çıxmadı,sadəçə nəyə görəsə sərf eləmir..Bunları işə salmaq lazımdır Vuqar müəllim,hamı iş üçün Ağdama gedə bilməz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol