ABŞ ölkə sakinlərinin Avropa İttifaqına (Aİ) daxil olmaqla bağlı danışıqları bərpa etməmək qərarına baxmayaraq, İslandiyanın NATO üzvü olaraq qalmağa davam edəcəyini gözləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqottun avqustun 30-da dərc olunmuş yazılı bəyanatında deyilir.

"Biz İslandiya xalqının suveren qərarına hörmətlə yanaşırıq və əminliyimizi bildiririk ki, İslandiya bundan sonra da NATO üzrə güclü və dəyərli müttəfiq, ABŞ ilə Avropa üçün yaxın tərəfdaş olaraq qalacaq", - Piqott qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik və energetika daxil olmaqla, bütün sahələrdə İslandiya ilə tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək niyyətindədir.

İslandiyada Aİ-yə daxil olmaq barədə danışıqların bərpasına dair referendum avqustun 29-da keçirilib. RUV teleradioşirkətinin məlumatına görə, iştirakçıların 52%-dən çoxu danışıqlar prosesinin bərpa edilməsinin əleyhinədir.

Aİ-yə daxil olmağın əleyhdarları bunun ölkənin suverenliyinin məhdudlaşdırılmasına və balıqçılıq sahəsində məhdudiyyətlərin tətbiqinə gətirib çıxara biləcəyini bildirirdilər. İslandiyanın Baş naziri Kristrun Frostadottir bəyan edib ki, hazırkı hökumət bu məsələ ilə bağlı yeni referendum təşəbbüsü ilə çıxış etməyəcək.

Xatırladaq ki, İslandiya Aİ-yə daxil olmaq üçün ilk dəfə 2009-cu ildə ərizə verib, lakin 2013-cü ildə ölkə hökuməti bu prosesi dayandırıb. İslandiya şengen və Avropa iqtisadi zonalarına daxildir.