ABŞ və Venesuela arasında əldə olunan tarixi neft razılaşmasının arxasında venesuelalı milyarder və neft biznesmeni Aleksandro Betankurun olduğu iddia edilir.

"AzPolitika" ABŞ-nin “Axios” nəşrinə istinadla xəbər verir ki, məlumatına görə, 46 yaşlı Betankur təkcə milyardlarla dollarlıq neft anlaşmasının hazırlanmasında deyil, Venesuelada siyasi hakimiyyət dəyişikliyi zamanı Vaşinqtonla Karakas arasında aparılan kritik danışıqlarda da rol oynayıb.

Məlumata əsasən, ABŞ ordusunun Nikolas Maduronu ələ keçirdiyi gecə ABŞ Prezidentinin Venesuela üzrə müşaviri Maurisio Klaver-Karon Betankurla telefon əlaqəsində olub. Betankur isə həmin vaxt Venesuelanın vitse-prezidenti Delçi Rodriqeslə əlaqə saxlayıb və daha sonra onun ABŞ dövlət katibi Marko Rubio ilə görüşməsinə vasitəçilik edib.

Betankurun Maduro hakimiyyətinin devrilməsindən əvvəl də ABŞ rəsmiləri ilə əlaqədə olduğu və post-Maduro dövründə Venesuelanın neft sənayesinin fəaliyyətinin necə davam etdiriləcəyinə dair müzakirələrdə iştirak etdiyi bildirilir.

Onun Venesuela müxalifəti ilə əlaqələri də olub. Betankur vaxtilə Xuan Quaydonun adından Moskvaya gedərək Rusiyanın Maduroya dəstəyini dayandırmasını istəyən məktub çatdırıb.

Hazırkı neft razılaşmasına əsasən, Venesuela yataqdan asılı olaraq hasilatın 16-40 faizini və gəlir vergisi əldə edəcək. ABŞ isə kapital qoymadan 35 faizlik paya sahib olacaq və vergi ödənildikdən sonra neftin müəyyən hissəsini istehsal maya dəyəri ilə əldə edəcək. Betankurun şirkəti də 17 neft yatağına çıxış hüququ qazanacaq.

Bununla belə, enerji ekspertləri razılaşmanın reallaşması ilə bağlı şübhələrin olduğunu və anlaşmanın yaxın müddətdə ABŞ-də benzin qiymətlərini aşağı salmasının gözlənilmədiyini bildirirlər.

"AzPolitika.info"