İran rəhbərliyi və hərbi mərkəzi komandanlığı ABŞ və onun regiondakı müttəfiqlərinə xəbərdarlıq edərək, Birləşmiş Ştatların yeni irimiqyaslı hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarına malik olduqlarını bəyan edib.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Tehran Vaşinqtonun və ya onun müttəfiqlərinin atacağı hər hansı yeni hərbi addıma dərhal və sarsıdıcı cavab veriləcəyini bildirib.
İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının dövlət mediasında yayılan bəyanatında qeyd olunur ki, yeni hücum halında ABŞ-nin regiondakı bütün hərbi bazaları və maraqları hədəf alınacaq, həmçinin ABŞ-a dəstək verən regional müttəfiqlər də münaqişənin birbaşa tərəfi hesab ediləcəklər.
Bunun fonunda ABŞ Dövlət Departamenti regionda yaşayan və çalışan Amerika vətəndaşlarına xəbərdarlıq edərək fövqəladə təhlükəsizlik alerti yayımlayıb. Xəbərdarlıqda Yaxın Şərqdə gözlənilməz eskalasiya riskinin yüksək olduğu, uçuşların təxirə salınması və hava məkanlarının qəfil bağlana biləcəyi ehtimalı vurğulanıb, ABŞ vətəndaşlarına maksimum ehtiyatlı olmaq tövsiyə edilib.
ABŞ ilə İran arasında davam edən münaqişənin yeddinci ayına daxil olduğu bir vaxtda, tərəflərdən heç birinin geri addım atmaq niyyətində olmadığı görünür. İyun ayında əldə olunan, lakin iyulda şərtlərin pozulması səbəbilə pozulan müvəqqəti atəşkəs rejiminin bərpası hələ ki, mümkün görünmür.
Münaqişə Yaxın Şərqin digər qaynar nöqtələrinə də sıçrayıb. Belə ki, İrana yaxın olan Yəmən husiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərini və Yanbu limanındakı əsas neft obyektlərini PUA və raketlərlə hədəf aldıqlarını açıqlayıblar. Husilərin Qırmızı dəniz sahillərində irəliləməsi Bab əl-Məndəb boğazına nəzarəti onların əlinə keçirib. İranın Hörmüz boğazını, ABŞ-ın isə İran limanlarını blokadada saxlaması nəticəsində Fars körfəzindən dünya bazarlarına neft və qaz ixracı demək olar ki, tamamilə dayanıb. Bu vəziyyət qlobal neft qiymətlərinə kəskin təzyiq göstərir.
İran Parlamenti (Məclis) Sədri Məhəmməd Baqir Qalibaf mövcud vəziyyətlə bağlı açıqlamasında bildirib ki, İran öz mövqelərini qorumaq üçün eyni vaxtda həm hərbi müqaviməti, həm də diplomatik danışıqları davam etdirəcək. İran tərəfi iyun sazişinin şərtləri tam yerinə yetirilməyənə qədər Hörmüz boğazını gəmilərin gediş-gəlişi üçün açmayacağını bir daha bəyan edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər