Tarix bəzən sərhədləri dəyişmədən xəritəni dəyişir. Yeni dövlət yaranmır, yeni sərhəd çəkilmir. Sadəcə yolların istiqaməti dəyişir, enerji axınları yenilənir, köhnə güc balansı sarsılır. Bir gün baxırsan ki, xəritə eynidir, amma həmin xəritədə kimin sözünün keçdiyi artıq əvvəlki kimi deyil.
Avrasiyada indi yeni geosiyasi mərhələ formalaşır və bu dəyişiklikdə türk dövlətlərinin coğrafiyası xüsusi əhəmiyyət qazanır. Türkiyə Qafqaz, Qara dəniz və Yaxın Şərqin qovşağında yerləşir. Azərbaycan Xəzəri Qafqaz və Avropa ilə birləşdirən əsas halqalardan biridir. Mərkəzi Asiya isə Çin, Rusiya, Xəzər və Cənubi Asiya arasında nəhəng körpüdür. Bu məkanları artıq yalnız ortaq tarix birləşdirmir. Yollar, enerji xətləri, limanlar, dəmir yolları və rəqəmsal şəbəkələr də onları bir-birinə bağlayır. Amma yol varsa, onu qorumaq da lazımdır.
TDT üzv ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Bakıda keçirilən son toplantısının gündəliyi də bu istiqamətin getdikcə önə çıxdığını göstərir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın təhlükəsizlik strukturlarının terrorizm, transmilli cinayətkarlıq, kibertəhdidlər və hibrid riskləri müzakirə etməsi göstərir ki, təhlükəsizlik türk dünyasının inteqrasiya gündəmində getdikcə daha mühüm yer tutur.
Çin Mərkəzi Asiyaya, Mərkəzi Asiya Xəzərə, Xəzər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə isə Avropaya bağlanır. Bu zəncir Orta Dəhlizin formalaşdırdığı yeni geoiqtisadi bağlantının əsas istiqamətlərindən biridir. Marşrutların iqtisadi əhəmiyyəti artdıqca onların təhlükəsizliyi də ümumi məsələyə çevrilir.
Limanın fəaliyyəti dayanırsa, enerji xətti riskə düşürsə, dəmir yolu sıradan çıxırsa və ya rəqəmsal şəbəkəyə hücum edilirsə, bunun təsiri bir ölkənin sərhədində qalmır.
Azərbaycan üçün Mərkəzi Asiya artıq uzaq coğrafiya deyil. Mərkəzi Asiya üçün də Azərbaycan sadəcə Xəzərin o biri sahilində yerləşən ölkə deyil. Bakı bu iki məkanı birləşdirən mühüm həlqələrdən birinə çevrilir. Azərbaycan-Türkiyə münasibətlərini yalnız ikitərəfli əlaqələr kimi izah etmək artıq mümkün deyil. Müdafiə, enerji, nəqliyyat və diplomatik koordinasiya bu münasibətlərə regional məzmun verib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bakıda keçirdiyi son görüşlərdə regional təhlükəsizlik və ətraf coğrafiyada baş verən proseslərin müzakirə olunması da bu mənzərənin göstəricilərindəndir. Çünki Qafqaz Türkiyədən kənarda deyil. Mərkəzi Asiyadakı dəyişikliklər Azərbaycandan kənarda baş vermir. Xəzər isə hər iki ölkənin maraq dairəsindədir.
Beləliklə, Ankara-Bakı münasibətləri daha geniş siyasi və geosiyasi xəttin bir hissəsinə çevrilir - Ankara-Bakı-Mərkəzi Asiya. Burada enerji, logistika, müdafiə sənayesi, texnologiya və təhlükəsizlik bir-birinə bağlanır.
TDT-də təhlükəsizlik əməkdaşlığının genişlənməsini “Türk NATO-su” kimi təqdim etmək hələ tezdir. Üzv dövlətlərin Rusiya, Çin, İran, ABŞ və Avropa ilə münasibətlərində fərqli maraqları var. Təhlükəsizlik dialoqunun dərinləşməsi isə hələ kollektiv müdafiə öhdəliyinin yaranması demək deyil.
Amma daha praktik model mümkündür. Kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər, kibertəhlükəsizlik, sərhəd nəzarəti, terrorizmə qarşı koordinasiya, kritik infrastrukturun qorunması və müdafiə sənayesində texnoloji əməkdaşlıq belə bir modelin əsas elementləri ola bilər.
Bunlar ilk baxışda kiçik addımlar kimi görünə bilər. Amma böhran zamanı məhz bu mexanizmlər dövlətlərin real hazırlığını üzə çıxarır. Çünki müasir təhlükə həmişə tankla gəlmir. Kiberhücum, enerji sisteminə müdaxilə, limanın sıradan çıxarılması, kommunikasiya şəbəkəsinin bloklanması və informasiya məkanında xaos yaradılması da təhlükəsizlik probleminə çevrilib.
Deməli, peyk sistemləri, rəqəmsal rabitə, məlumatların qorunması və süni intellekt artıq yalnız texnologiya məsələsi deyil. Bunlar milli təhlükəsizliyin özüdür.
Bu yeni xəritədə Azərbaycanın mövqeyi xüsusidir. Bakı Türkiyə ilə Mərkəzi Asiya arasında həm coğrafi, həm iqtisadi, həm də siyasi körpüdür. Amma coğrafi üstünlük avtomatik olaraq siyasi güc yaratmır. Bunun üçün institutlar, davamlı tərəfdaşlıq və işlək təhlükəsizlik mexanizmləri lazımdır.
Türk dövlətləri uzun müddət ortaq tarixdən danışdılar. Sonra ortaq mədəniyyət, daha sonra iqtisadi inteqrasiya gündəmə gəldi. İndi isə təhlükəsizlik məsələsi ön plana çıxır. Bu mərhələ əvvəlkilərdən daha mürəkkəbdir. Çünki iqtisadi layihəni təxirə salmaq olar. Təhlükəsizlik mexanizmini isə böhranın ortasında qurmaq mümkün deyil. Məlumat mübadiləsi, birgə təlimlər, kritik infrastrukturun qorunması, kibertəhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq əvvəlcədən işlək vəziyyətə gətirilməlidir.
Avrasiyada böyük güclər yeni marşrutlar və yeni təsir imkanları uğrunda rəqabət aparır. Türk dünyasının qarşısında da mühüm imkan yaranıb. Məsələ “Türk NATO-su” yaratmaq deyil. Əsas sual budur-Türk dünyası yeni Avrasiya xəritəsində sadəcə yolların keçdiyi coğrafiya olacaq, yoxsa həmin yolların təhlükəsizlik gündəminin formalaşmasında söz sahibi olan aktorlardan birinə çevriləcək?
Bakıda keçirilən görüşlər göstərir ki, bu sual artıq uzaq gələcəyin məsələsi deyil. Türk dünyasının inteqrasiyasında iqtisadi və nəqliyyat gündəminə təhlükəsizlik ölçüsü də əlavə olunur. Bu yeni mərhələnin əsas strateji xəttlərindən biri isə getdikcə daha aydın görünür- Ankara-Bakı-Mərkəzi Asiya…
Azər Rəşidoğlu


Şərhlər