Menu

BELiNSKi QOQOLA RUSİYANI TİTRƏDƏN MƏKTUBUNDA NƏ YAZMIŞDI?

23.09.2026, 16:26
BELiNSKi QOQOLA RUSİYANI TİTRƏDƏN MƏKTUBUNDA NƏ YAZMIŞDI?

Xaləddin İbrahimli,

professor

Giriş əvəzi: Bəzi səthi xatırlatmalar istisna olmaqla, Azərbaycan ədəbiyyatşünaslığında ayrıca və sistemli şəkildə təhlil edilməmiş bir məktub haqqında.

Bəzən bir məktub bir kitabdan, bir romandan, hətta bütöv bir siyasi proqramdan daha təsirli olur. Vissarion Belinskinin 1847-ci ildə Nikolay Qoqola yazdığı məşhur məktub da belə mətnlərdən biri idi. Məktub Qoqola ünvanlanmışdı, amma əslində onun hədəfi XIX əsr Rusiyasının ictimai quruluşu, təhkimçilik sistemi, pravoslav kilsəsinin dövlətlə münasibəti və avtokratik hakimiyyət idi. İki il sonra həmin məktub gənc Fyodor Dostoyevskinin taleyində də mühüm rol oynayacaqdı.

Belinski Qoqola niyə bu qədər qəzəbli idi?

Qoqol rus ədəbiyyatında toplumun eyiblərini ən amansız göstərən yazıçılardan biri olmuşdu. “Müfəttiş”də məmur korrupsiyasını, “Ölü canlar”da isə rus sosial sisteminin mənəvi çürüməsini göstərmişdi. Belinski də Qoqolu məhz buna görə böyük yazıçı hesab edirdi. Onun nəzərində ədəbiyyat sadəcə estetik zövq məsələsi deyildi; yazıçı toplum qarşısında məsuliyyət daşıyırdı.

Lakin Qoqolun 1847-ci ildə çap etdirdiyi “Dostlarla yazışmalardan seçilmiş parçalar” kitabı Belinskini sarsıtdı. Qoqol əvvəlki satirik mövqedən uzaqlaşmış, pravoslavlığı, sosial iyerarxiyanı və mövcud quruluşun mənəvi yolla yaxşılaşdırılmasını müdafiə edən fikirlərə üstünlük verməyə başlamışdı. Belinskinin nəzərində Rusiyanın problemlərini amansızlıqla göstərmiş yazıçı indi həmin problemləri yaradan quruluşu mənəvi nəsihətlərlə yumşaltmağa çalışırdı.

Belinski məktubunda Rusiyanın əsas probleminin xalqın yetərincə dindar olmaması ilə bağlı olmadığını iddia edirdi. Problem insanların hüquqsuzluğu, təhkimçilik, fiziki cəza və qanunun insanı qoruya bilməməsi idi.

Başqa sözlə, Qoqolun mövqeyini şərti olaraq belə ifadə etmək mümkündür: insan mənəvi baxımdan yaxşılaşarsa, toplum da yaxşılaşar. Belinski isə problemin sistemin özündə olduğunu düşünürdü: insan hüquqsuzdursa, yaxşı niyyət kifayət etmir.

Məktub buna görə yalnız etiraz deyil, müəyyən ictimai proqram xarakterini də ehtiva edirdi: insan ləyaqətinin qorunması, qanunun gücləndirilməsi, təhkimçiliyin və fiziki cəzanın aradan qaldırılması.

Bu, sadəcə Qoqolla Belinski arasındakı fikir ayrılığı deyildi. XIX əsr rus düşüncəsinin böyük sualları məktubda qarşı-qarşıya gəlirdi:

İnsanı dəyişmək lazımdır, yoxsa toplumu?

Əxlaqı düzəltmək lazımdır, yoxsa qanunu?

Xilas mənəviyyatdan gələcək, yoxsa sosial islahatdan?

Belinskinin bu suallara cavabında ilk yerdə insan ləyaqəti dayanırdı. Təhkimçilik şəraitində kəndlinin həyatı, əməyi və taleyi başqa bir insanın iradəsindən asılı idi. Belinski üçün problem yalnız “pis mülkədar” deyildi; problemin özü bir insanın başqa bir insan üzərində sahiblik hüququna malik olması idi.

Məktubun çar hakimiyyəti üçün ən təhlükəli tərəflərindən biri kilsəyə münasibət idi. Belinski rəsmi pravoslavlığın siyasi hakimiyyətlə yaxınlığını, bəzən işbirliyini tənqid edir və dinin sosial itaəti əsaslandıran vasitəyə çevrilməsinə qarşı çıxırdı. Onun Qoqola etirazı Qoqolun dindar olmasına deyil, dinin mövcud sosial quruluşu müqəddəsləşdirmək üçün istifadə edilməsinə yönəlmişdi.

Burada bir tarixi dəqiqləşdirmə vacibdir. I Nikolay dövrünün məşhur rəsmi ideoloji formulu Sergey Uvarovun “pravoslavlıq, avtokratiya, xalqçılıq” üçlüyü idi. Təhkimçilik bu formulun üçüncü elementi deyildi, lakin imperiyanın əsas sosial institutlarından biri idi. Buna görə Belinskinin məktubu həm rəsmi ideologiyanın pravoslavlıq və avtokratiya dayaqlarına, həm də həmin quruluşun yaratdığı hüquqsuzluğa qarşı tənqid kimi oxunurdu. Yəni, məktub artıq ədəbi polemika sərhədini aşırdı. Qoqola yazılmış şəxsi məktubun arxasında I Nikolay Rusiyasına yönəlmiş daha böyük ittiham görünürdü. Məhz buna görə mətn əlyazma surətləri ilə gizli şəkildə yayılırdı.

Belinskinin ölümündən sonra Aleksandr Gertsen məktubu 1855-ci ildə Londonda “Polyarnaya zvezda”da çap etdirdi. Bu fakt xüsusi əhəmiyyət daşıyır: Rusiyanın daxilində senzura səbəbindən açıq yayıla bilməyən hakimiyyət tənqidi xaricdə nəşr olunaraq yenidən rus intellektual mühitinə qayıdırdı.

Bu məktubun dolaşdığı ziyalı çevrələrindən birində gənc Dostoyevski də vardı. Dostoyevski 1849-cu ildə təkcə Belinskinin məktubunu oxuduğuna görə həbs edilməmişdi; o, Petraşevski çevrəsi ilə əlaqəsi və həmin toplantılardakı fəaliyyəti səbəbiylə həbs olunmuşdu. Lakin Belinskinin qadağan olunmuş “Qoqola məktub”unu toplantıda ucadan oxuması ona qarşı irəli sürülən mühüm ittihamlardan biri idi.

Dostoyevski ölüm hökmünə məhkum edildi və digər məhkumlarla birlikdə Semyonovski meydanına aparıldı. Hökm oxundu, məhkumlar edama hazırlandı. Dostoyevski də bir neçə dəqiqə sonra öləcəyinə inanırdı. Son anda ölüm hökmü dəyişdirildi və Sibir katorqası ilə əvəz olundu.

Tarixin böyük ironiyalarından biri bundan sonra başlayır. Gənc Dostoyevski Belinskinin sosial ədalət, yoxsulların müdafiəsi və təhkimçilik əleyhinə fikirlərindən təsirlənmişdi. Lakin Sibir katorqasından sonra onun dünyagörüşü ciddi dəyişdi və o, Belinskinin radikal-materialist xəttindən uzaqlaşdı.

Amma Belinskinin qoyduğu problemlər Dostoyevskinin əsərlərindən yox olmadı: insan əzabı, yoxsulluq, alçaldılmış. əzilmiş insan, azadlıq, ədalətsizlik və insan ləyaqəti onun yaradıcılığının da əsas mövzularına çevrildi. Sadəcə cavablar fərqli idi.

Belinski insanın vəziyyətini dəyişmək üçün toplumun və hüquqi quruluşun dəyişməsinin vacibliyini vurğulayırdı. Dostoyevski isə daha sonra başqa sualı ön plana çıxardı: toplumu dəyişdik, bəs insanın daxilindəki şər nə olacaq? Bu artıq yüz illərdir cavabı aranan bir sual idi.

Belinski hüquq, maarif və sosial islahata ümid edirdi. Dostoyevski isə iman, günah, azadlıq və mənəvi məsuliyyət məsələlərinə yönəldi. Buna görə “Cinayət və cəza”, “Şeytanlar” və “Karamazov qardaşları”nda gəncliyində qarşılaşdığı radikal sosial ideyalarla sonrakı dini-fəlsəfi dünyagörüşü arasındakı gərginliyin izlərini görmək mümkündür.

XIX əsr Rusiyasında yazıçı yalnız roman yazan adam deyildi. Parlamentin olmadığı, azad siyasi müzakirənin məhdudlaşdırıldığı və senzuranın işlədiyi bir ölkədə ədəbiyyat siyasi tribunaya da çevrilmişdi. Ədəbiyyat vasitəsilə böyük suallar verilirdi:

Rusiya necə yaşamalıdır?

İnsan azadlığı nədir?

Dövlətin sərhədi harada bitir?

Din insanı azad edir, yoxsa itaətə çağırır?

Ədalətli toplum mümkündürmü?

Belinski bu suallara Qoqola məktubunda öz cavabını verdi. Dostoyevski isə ömrünün sonuna qədər həmin problemlərə fərqli cavablar axtardı.

Ən maraqlısı budur ki, bu hadisə “rus ədəbiyyatının təsiri” anlayışına da başqa gözlə baxmağa imkan verir. Rusiyadan gələn təsir həmişə çar hakimiyyətinin ideologiyası demək deyildi. “Ucqar” ziyalıları rus dili vasitəsilə yalnız imperiya mədəniyyəti ilə deyil, həmin imperiyanı tənqid edən Belinski, Gertsen və başqa intellektualların düşüncəsi ilə də tanış ola bilirdilər.

Rus dili beləliklə paradoksal funksiya daşıyırdı: bir tərəfdən imperiya idarəçiliyinin dili, digər tərəfdən həmin imperiyaya qarşı yönəlmiş tənqidi fikrin ötürülmə vasitəsi idi. XIX əsr Azərbaycan və Qafqaz intellektual tarixində “Rusiya təsiri”ndən danışarkən bu iki istiqaməti bir-birindən ayırmaq vacibdir.

Bir məktubun Dostoyevskini ölüm meydanına aparan hadisələrin mühüm hissəsinə çevrilməsinin səbəbi də burada idi. Məktub Qoqola ünvanlanmışdı. Amma çar hakimiyyəti anlayırdı ki, Belinski əslində Rusiyanın özündən danışırdı.

Putin Rusiyasında da Rusiyanın özündən danışanlar yox deyil, sadəcə onlara yetərincə diqqət etəmək lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol