Son aylarda sosial şəbəkələrdə və müxtəlif platformalarda Ermənistan və Gürcüstanda adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) Azərbaycandan yüksək olması ilə bağlı yayılan məlumatlar artır. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məsələnin iqtisadi və geostrateji mahiyyətini təhlil edərək, Ermənistanın "iqtisadi sıçrayış" mifinin arxasında duran fırıldaq mexanizmini ifşa edib.
Diplomat vurğulayıb ki, statistika qaydalarına əsasən, xarici ticarət fəaliyyəti - yəni ixrac və idxal göstəriciləri ÜDM-in ayrılmaz tərkib hissəsidir. Lakin Ermənistanın nümayiş etdirdiyi statistik "uğur" real iqtisadiyyatın inkişafından deyil, anti-Rusiya sanksiyalarından yan keçməkdən qaynaqlanır.
Süni intellekt və beynəlxalq iqtisadi analitikanın göstəricilərinə istinad edən Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın ÜDM-nin 45-50%-ni məhz Rusiya Federasiyası ilə ticarət dövriyyəsi təşkil edir. Qərb dövlətlərinin Moskvaya qarşı beynəlxalq sanksiyalar tətbiq etməsindən sonra İrəvanla Moskva arasındakı ticarət dövriyyəsi dəfələrlə kəskin artım göstərib.
Sabiq nazirin sözlərinə görə, bu göstəricilər Ermənistanın real sektorda hər hansı istehsal və ya iqtisadi model qurduğunu göstərmir: "Bu o deməkdir ki, sanksiyalardan yan keçmək üçün həyata keçirilən 'kağız üzərindəki fırıldaqlar' Ermənistanın real iqtisadiyyatına və əhalisinin rifahına heç bir müsbət təsir göstərmir. Buradan belə bir sadə nəticə çıxır: Ermənistanda adambaşına düşən real ÜDM-in payı Azərbaycanı tənqid edənlərin reklam etdiyindən ən azı iki dəfə aşağıdır".
Diplomat qeyd edib ki, bu reallıq həm də Nikol Paşinyanın Qərbə tərəf meyil etməsi və Rusiya Prezidenti Vladimir Putinlə "dava etməsi" görüntüsünün arxasındakı iküzlülüyü aydın şəkildə üzə çıxarır.
Bir tərəfdən İrəvan hakimiyyəti ictimaiyyətə Qərblə yaxınlaşdığına dair siyasi teatr təqdim edir, digər tərəfdən isə ölkə iqtisadiyyatı tamamilə Rusiyaya tətbiq edilən sanksiyalardan yan keçməyə xidmət edən reeksport və maliyyə tranziti hesabına "kağız üzərində" böyüyür.
Tofiq Zülfüqarov vurğulayıb ki, bu faktlar Cənubi Qafqazın "yeni iqtisadi pələngi" hesab edilən Ermənistanın və "ictimai nəqliyyatda kökə yeyən" Nikol Paşinyanın yaratdığı "iqtisadi möcüzə" nağıllarına inananlar üçün tutarlı bir cavabdır.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər