Bu gün – sentyabrın 27-si Azərbaycan tarixinin həm ən ağrılı, həm də ən qürurlu günlərindən biridir. Bu tarix bizim üçün eyni zamanda xalqın iradəsinin, ordunun gücünün və Vətən sevgisinin sınaqdan keçdiyi böyük bir dönüş nöqtəsidir.
Bu gün şəhidlərimizi yad edərkən yalnız onları ehtiramla anmırıq, həm də onların nə uğrunda şəhid olduqlarını, nə uğrunda mübarizə apardıqlarını və bizə nə əmanət etdiklərini düşünürük.
İllərlə Qarabağ həsrəti ilə yaşayan bir nəsil vardı. Doğulduğu kəndi, şəhəri, evini yalnız xatirələrdən tanıyan insanlar vardı. Ata-babalarının yurdlarına qayıtmaq arzusu ilə böyüyən uşaqlar vardı. Qarabağ bizim üçün sadəcə coğrafi məkan olmayıb – itirilmiş torpaqlarla birlikdə dövlət suverenliyimizi, müstəqilliyimizi yarımçıq qoyan, qürurumuzu incidən, milli yaddaşımızda dərin yara açan böyük bir faciənin simvoluna çevrilmişdi. Bu səbəbdən Qarabağın azadlığı təkcə torpaqların geri qaytarılması deyil, həm də pozulmuş tarixi ədalətin bərpası, milli iradənin təsdiqi və yarımçıq qalmış dövlətçilik hekayəmizin tamamlanması demək idi!
2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi illərlə qəlbimizdə daşıdığımız Qarabağ nisgilini tarixin ən böyük dönüşlərindən birinə çevirdi – yarımçıq qalmış dövlətçilik hekayəsinin son səhifələri Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı və ilə yazıldı. Qarabağla bağlı 30 ilə yaxın davam edən həsrətə son qoyuldu, dövlət suverenliyimizin və milli qürurumuzun bərpası yolunda tarixi səhifə açıldı!
Azərbaycan əsgəri illərlə keçilməz hesab edilən müdafiə xətlərini yararaq irəlilədi. Dağları, dərələri, yüksəklikləri, şəhərləri və kəndləri döyüşərək keçdi. Hər addımın arxasında böyük bir qəhrəmanlıq, misilsiz fədakarlıq, Allaha iman, dövlətə və millətə inam, hər qələbənin arxasında isə şəhidlərimizin, qazilərimizin qanı, ağır itkilər dayanırdı.
Məhz bu baxımdan, Vətən Müharibəsindəki Qələbənin baş memarı Azərbaycan əsgəri, zabiti, şəhidlərimiz və qazilərimizdir! Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, məhz onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər.
Xüsusən də Vətən üçün canını fəda edən şəhidlərimizin borcu əsla ödənilməz! Onların hər biri bu böyük Zəfərə öz həyatından, taleyindən və arzularından bir parça gətirdi. Hər birinin ayrı bir ömür yolu, fərqli xarakteri, öz arzuları və Vətənə bağlılıq hekayəsi vardı. Lakin onları bir amal birləşdirirdi – Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək, illərlə həsrətində olduğumuz torpaqları azad görmək. Məhz buna görə onların qəhrəmanlığını yalnız bir sözlə ifadə etmək mümkün deyil; hər bir şəhidin adı Azərbaycan tarixinin bu möhtəşəm Zəfər salnaməsində özünəməxsus yer tutur.

Hər bir şəhidimiz Polad Həşimov kimi ƏZƏMƏTLİ, Mübariz İbrahimov kimi QORXMAZ, Pəncəli Teymurov kimi FƏDAKAR, Xudayar kimi VƏTƏNPƏRVƏR idi!
Vətən Müharibəsi bizə həm də bu adları tanıtdı, xalqımızın bağrından nə qədər cəsur, mərd və Vətənə bağlı oğulların yetişdiyini göstərdi.
Göstərdi ki, general-mayor Polad Həşimov kimi əsgərinin qarşısında gedən, ən təhlükəli anda belə şəxsi həyatını düşünmədən döyüşçülərinin yanında dayanan, öz canını Vətənə sipər edən zabitlərimiz var.
Göstərdi ki, Mübariz İbrahimov kimi qorxunun üzərinə qorxmadan gedən, Vətən sevgisini misilsiz cəsarəti ilə nümayiş etdirən, adı qəhrəmanlıqla qoşa çəkiləcək igidlərimiz var.
Göstərdi ki, Pəncəli Teymurov kimi döyüş meydanında silahdaşını özündən üstün tutan, ən ağır və təhlükəli məqamda belə geri çəkilməyən, Vətən və döyüş yoldaşları naminə canını fəda etməkdən çəkinməyən fədakar oğullarımız var.
Göstərdi ki, Xudayar Yusifzadə kimi Vətən sevgisini yalnız döyüşdə deyil, sözündə, səsində, davranışında yaşadan, öz məğrurluğu və səmimiyyəti ilə milyonlarla insanın qəlbinə yol tapan, adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq gənclərimiz var.
Və göstərdi ki, bütün bu qəhrəmanlıq nümunələri ayrı-ayrı insanların taleyi deyil, Azərbaycan xalqının milli xarakterinin, Vətən sevgisinin və azadlıq iradəsinin təzahürüdür.
Odur ki, Vətən Müharibəsinin hər bir iştirakçısı bir qəhrəmandır. Bu gün çoxlarımızın tanımadığı, adını yalnız ailəsinin, doğmalarının bildiyi neçə-neçə qəhrəmanımız var. Kimisi son nəfəsinədək döyüşdü, kimisi yaralı silahdaşını qorumaq üçün özünü təhlükəyə atdı, kimisi geri çəkilmək əvəzinə sonadək mövqeyində qaldı. Onların hər birinin döyüş meydanında göstərdiyi şücaət fərqli olsa da, hamısını birləşdirən eyni böyük amal vardı – Vətənin azadlığı!
Tarix bəzi adları daha çox səsləndirir, amma şəhidlik zirvəsində adların böyüyü-kiçiyi yoxdur. Xalqın yaddaşında hər bir şəhid öz yeri, öz müqəddəsliyi və öz qəhrəmanlıq hekayəsi ilə yaşayır.
Bu gün Qarabağın azad səmasında dalğalanan bayrağımıza baxarkən bunu unutmamalıyıq.
O bayrağın hər rəngində bir tarix, hər dalğasında bir xatirə, hər zirvəsində bir şəhidin haqqı var!

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə edib: "Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq..."
Odur ki, illər, on illər, əsrlər keçsə də, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu əsla unutmamalıyıq! Bu borcu əsla ödəyə bimərik!
Qazilərimizin qarşısında ehtiramımız yalnız sözlərdən ibarət olmamalıdır. Onların cəmiyyətə inteqrasiyası, layiqli həyat şəraiti, sosial və mənəvi dəstəyi daim diqqətdə saxlanmalıdır. Çünki müharibə bitə bilər, amma müharibənin insan talelərində buraxdığı izlər uzun illər davam edir.
Ancaq şəhidlər və qazilərimiz qarşısında borcumuz yalnız onların xatirəsini yaşatmaqdan, adlarını ehtiramla çəkməkdən ibarət deyil. Əsl borc onların uğrunda can verdiyi, həyatını fəda etdiyi Azərbaycanın gələcəyinə layiq olmaqdır. Daha güclü dövlət qurmaq, daha ədalətli cəmiyyət yaratmaq, savadlı və məsuliyyətli nəsil yetişdirmək, insanların daha firavan yaşaması üçün çalışmaq – şəhidlərin bizə əmanət etdiyi Vətən qarşısında ən böyük məsuliyyətimiz məhz budur.
Azərbaycanın hər qarışına sahib çıxmaq, dövlətimizin qüdrətini daha da artırmaq, milli birliyimizi qorumaq və bu ölkənin gələcəyinə məsuliyyətlə yanaşmaq hər birimizin üzərinə düşür. Şəhidlərin fədakarlığını ən böyük şəkildə qiymətləndirməyin yolu onların qorumaq üçün can verdiyi Vətəni daha güclü görməkdir.
Bu mənada 27 Sentyabr yalnız keçmişi xatırladığımız Anım Günü deyil. Bu tarix həm də bu günümüzə və sabahımıza cavabdeh olduğumuzu xatırladan MƏSULİYYƏT GÜNÜDÜR.
Şəhidlər torpağı bizə əmanət etdilər – onu qorumaq, ucaltmaq və gələcək nəsillərə daha güclü Azərbaycan kimi çatdırmaq isə bizim borcumuzdur.
Ona görə bu gün başımızı aşağı əyərək yalnız “Allah rəhmət eləsin” deməklə kifayətlənməməliyik. Başımızı qaldırıb onların bizə əmanət etdiyi Vətənə baxmalıyıq.
Şuşanın dağlarına, Xankəndinin küçələrinə, Kəlbəcərin sərt qayalarına, Laçının yollarına, Ağdamın yenidən qurulan simasına baxmalı və bilməliyik ki, bu mənzərənin arxasında minlərlə Vətən oğlunun həyat hekayəsi dayanır. Odur ki, onların azad edib bizlərə əmanət qoyduqları Qarabağa tam sahib çıxmaq, bu rayonlarımızı yenidən dirçəltmək də bizim məsuliyyətimizdir.
Bizlər də bu məsuliyyəti dərk edərək yaşamalı, şəhidlərimizin bizə əmanət etdiyi Azərbaycanın daim güclü, firavan və azad olması üçün heç bir fədakarlıqdan çəkinməməliyik.
27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirik!
Onların hər birinə – adı milyonların dilində olanına da, yalnız bir ailənin qəlbində yaşayanına da – sonsuz ehtiramımızı bildiririk!
Ruhları şad olsun!
Şəhidlərimizin adı tariximizdə, əmanəti Vətənimizdə, xatirəsi qəlbimizdə yaşayacaq. Şəhidlər ölməz, Vətən bölünməz!
İsmayıl İsmayılbəyli
“AzPolitika.info”nun baş redaktor müavini


Şərhlər