Menu

“Hörmüz”də gərginlik artır – Azərbaycan neftini nə gözləyir?

28.09.2026, 16:45
“Hörmüz”də gərginlik artır – Azərbaycan neftini nə gözləyir?

İranın "Hörmüz"ün açılması ilə bağlı təklifinin rədd edilməsindən sonra Brent neftinin qiyməti 107 dollardan yuxarı qalxıb. Hazırda boğaz ətrafındakı vəziyyət qlobal enerji bazarları üçün əsas risklərdən biri olaraq qalır. 

Bəs "Hörmüz"lə bağlı vəziyyət neft və enerji qiymətlərinə hansı həddə təsir göstərə bilər? Azərbaycan neftinin nə qədər bahalaşması mümkündür?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Züriyyə Qarayeva bildirib ki, Hörmüz boğazı ətrafında qeyri-müəyyənliyin davam etməsi neft bazarında geosiyasi riskləri ciddi şəkildə artırır. Brent neftinin 107 dolları keçməsi göstərir ki, bazar artıq tədarükün pozulması ehtimalını qiymətlərə daxil edir:

"Burada əsas məsələ boğazın tam bağlanmasından daha çox, məhdudiyyətlərin nə qədər davam etməsi və daşımaların hansı həcmdə azalmasıdır. Gərginlik uzandıqca neftin yüksək qiymət diapazonunda qalması mümkündür. Əgər hərbi eskalasiya genişlənə və "Hörmüz"dən daşımalar daha ciddi şəkildə məhdudlaşarsa, qiymətlərdə yeni sıçrayışlar görə bilərik. Əksinə, İran və ABŞ arasında razılaşmanın əldə olunması bazardakı risk əlavəsini sürətlə azalda bilər".

Ekspert əlavə edib ki, Azərbaycan nefti də bu prosesdən kənarda qalmayacaq və qlobal qiymət artımı “Azeri Light”ın dəyərinə də yüksəldici təsir göstərəcək:

"Azərbaycanın mühüm üstünlüyü ondan ibarətdir ki, neftimizin əsas ixrac marşrutu Hörmüz boğazından keçmir və Bakı–Tbilisi–Ceyhan xətti ilə Aralıq dənizinə çıxır. Körfəz ölkələrindən tədarükün məhdudlaşması alternativ mənbələrə, o cümlədən Azərbaycan neftinə marağı artıra bilər. Gərginliyin daha da dərinləşməsi şəraitində “Azeri Light”ın 140 dollar və daha yüksək səviyyələrə yaxınlaşması istisna edilmir. Lakin bunu indidən dəqiq qiymət proqnozu kimi təqdim etmək olmaz. Çünki qiymətin hansı həddə çatacağı böhranın müddətindən, Hörmüzdən faktiki neft axınının həcmindən və böyük istehsalçıların bazara əlavə neft çıxarıb-çıxarmamasından asılı olacaq. Buna görə Azərbaycan üçün hazırkı vəziyyət bir tərəfdən ixrac gəlirlərini artıran amil, digər tərəfdən isə qlobal iqtisadi qeyri-müəyyənliyi yüksəldən risk kimi qiymətləndirilməlidir".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol