ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə konkret irəliləyiş əldə olunması müqabilində Tehrana qarşı sanksiyaların yumşaldılmasına və dondurulan vəsaitlərin açılmasına hazırdır.
Trampın bu şərti İranda birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Bir sıra İran rəsmiləri nüvə məsələsində qəti mövqe sərgiləsələr də, bəziləri yumşalmada maraqlı görünürlər. Bəs İran hökuməti Trampın bu təklifini müsbət dəyərləndirə və nüvə silahından imtina edə bilərmi?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Elmir Səftərovun sözlərinə görə, İranın hazırkı mövqeyi ondan ibarətdir ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil:
"Lakin Tehran dinc nüvə texnologiyalarından istifadədən və uranın zənginləşdirilməsi hüququndan imtinanı düşünmür. İran uranın zənginləşdirilməsi hüququndan və yüksək zənginləşdirilən uranın ölkədən çıxarılmasından güzəştə getmək niyyətində deyil. Bununla belə, mümkün razılaşma çərçivəsində İran uranın zənginləşdirilməsi səviyyəsini aşağı sala, zənginləşdirilmiş uranın bir hissəsini dondura və müəyyən nüvə fəaliyyətlərini müvəqqəti dayandıra bilər. Belə addımların qarşılığında ABŞ mərhələli şəkildə bəzi sanksiyaları yumşaltmalı və İranın xaricdəki dondurulan vəsaitlərinin bir hissəsinə çıxışını təmin etməlidir. Yəni mümkün razılaşma daha çox qarşılıqlı və mərhələli güzəştlər əsasında formalaşmalıdır".

Ekspertin sözlərinə görə, İran öz hüquqlarından istifadə etdiyini və nüvə fəaliyyətlərinin heç bir ölkə üçün təhdid yaratmadığını bildirir:
"Lakin hazırda tərəflər arasında ciddi etimad problemi mövcuddur. Əvvəlki danışıqlardan sonra baş verən hücumlar və tətbiq olunan sanksiyalar Tehranın Vaşinqtona olan etimadını daha da zəiflədib. Lakin ölkələr arasında kompromisin əldə olunması mümkündür. Burada söhbət İranın nüvə proqramından tamamilə imtina etməsindən və ya yüksək zənginləşdirilən uranın ölkədən çıxarılmasından deyil, qarşılıqlı və məhdud güzəştlərdən gedə bilər. Hazırda tərəflərin mümkün güzəştləri ilə bağlı ziddiyyətli xəbərlər yayılır. Lakin bu məlumatların bir qismi sonradan təkzib olunur. Buna görə də yekun razılaşma əldə olunmadan konkret nəticələr barədə danışmaq çətindir. Əsas məqam razılaşmadan sonra tərəflərin praktiki addımlarının necə atılacağını müşahidə etmək olacaq".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər