Menu

MÜHÜM MGK TOPLANTISINDAN 8 MADDƏLİK BİLDİRİ – Nələr var?

30.09.2026, 22:37
MÜHÜM MGK TOPLANTISINDAN 8 MADDƏLİK BİLDİRİ – Nələr var?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) toplantısından sonra 8 maddədən ibarət bildiriş yayımlanıb.

"AzPolitika" xəbər verir ki, təxminən 3,5 saat davam edən iclasdan sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən yayımlanan açıqlamada PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla terror təşkilatlarına qarşı mübarizənin davam etdiriləcəyi bildirilib.

Bildiridə həmçinin “Terrorsuz Türkiyə” və “Terrorsuz bölgə” hədəflərinə xüsusi diqqət çəkilib.

Terrorla mübarizədə qətiyyət

1. PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları başda olmaqla, milli birlik və həmrəyliyə, eləcə də ölkənin təhlükəsizliyinə yönələn bütün təhdid və təhlükələrə qarşı ölkə daxilində və xaricində həyata keçirilən fəaliyyətlər, həmçinin son dövrdə baş verən beynəlxalq hadisələr barədə Şuraya məlumat verilib.

2. “Terrorsuz Türkiyə” və “Terrorsuz bölgə” hədəfləri istiqamətində atılan addımlar və əldə edilən irəliləyişlər qiymətləndirilib. Türkiyə və xalqının təhlükəsizliyi ilə yanaşı, bölgənin təhlükəsizliyi, qonşu ölkələrin sülh və rifahı naminə göstərilən səylərin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.

3. Suriyanın birliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, dövlət hakimiyyətinin ölkənin bütün ərazisində təmin olunması və inteqrasiya prosesindəki müsbət inkişaflar müzakirə edilib. Suriya xalqının ölkəsini yenidən ayağa qaldırmasına və beynəlxalq ictimaiyyətlə əlaqələrini gücləndirməsinə Türkiyənin dəstəyinin davam edəcəyi bildirilib.

4. İraqın sülh və sabitliyinin bütün region üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. İraq hökumətinin dövlət suverenliyini ölkə ərazisinin tamamında gücləndirmək səylərindən məmnunluq ifadə olunub və İraqla strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində iradə bir daha təsdiqlənib.

ABŞ, İsrail və İrana danışıqlar çağırışı

5. ABŞ və İsraillə İran arasında davam edən müharibənin və qarşıdurmaların bölgədəki həssaslığı daha da artıraraq qapalı dövrəyə çevrildiyi bildirilib. Tərəflər danışıqlara qayıtmağa və qlobal nəticələri getdikcə ağırlaşan münaqişəyə son qoymağa çağırılıb.

6. İsrail rəhbərliyinin Qəzza və Livanda sülhün təmin olunması ilə bağlı öhdəliklərini yerinə yetirməyərək hücumları davam etdirdiyi qeyd olunub. Beynəlxalq ictimaiyyət İsrail rəhbərliyinə qarşı konkret addımlar atmağa çağırılıb. Bildiridə İsrailin Suriyanın ərazi bütövlüyünü və suverenliyini də pozaraq regionda sabitliyin təmin olunmasına mane olduğu bildirilib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı mesaj

7. Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, mülki infrastruktura və gəmiçilik marşrutlarına yönələn hücumların regional və qlobal təsirləri müzakirə olunub. Nəzarətsiz eskalasiya və münaqişənin yayılması əlamətlərinin müşahidə edildiyi bildirilib, tərəflər təmkinli olmağa və atəşkəsə çağırılıb.

8. Yəməndə son dövrdə artan gərginliyin, xüsusilə qonşu ölkələr başda olmaqla, regionda təhlükəsizlik risklərini artırdığı vurğulanıb. Qlobal sabitlik baxımından da mühüm əhəmiyyət daşıyan sakitliyin təcili şəkildə təmin edilməsinin zəruriliyi qeyd olunub.

Bildirinin sonunda açıqlamanın ictimaiyyətin diqqətinə təqdim edildiyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol