Menu

“KÖRPÜ SAVAŞI” BAŞLAYIR... - Bununla nəyə nail olmaq istəyirlər? + FOTO

03.10.2026, 12:00
“KÖRPÜ SAVAŞI” BAŞLAYIR... - Bununla nəyə nail olmaq istəyirlər? + FOTO

Son günlər Ukrayna müharibəsində ən çox diqqətçəkən hadisə paytaxt Kiyevdəki Cənub körpüsünün vurulmasıdır. Artıq üçüncü gündür ki, Dneprin sağ və sol sahillərini birləşdirən əsas körpülərdən biri Rusiyanın reaktiv PUA-ları ilə hədəf alınır. Bunlar, müharibə dövründə Kiyev körpülərinə vururlan ilk zərbələrdir.

Körpülər bu cür zərbələrdən dağılmasa da, onların üzərindən hərəkət təhlükəsizlik və mümkün zədələr səbəbindən məhdudlaşdırılır.

Dneprlə ikiyə bölünmüş Kiyevdəki Paton və Metro körpüləri hələlik zərbəyə məruz qalmayıb, lakin nəqliyyatın yenidən bölüşdürülməsi səbəbindən qismən bağlanıb. Darnitski və Podolski körpüləri işlək vəziyyətdədir. Ancaq nəqliyyat axınının bu istiqamətlərə yönəlməsi əlavə çətinliklər, tıxaclar yaradır. Bu isə paytaxtda əsl nəqliyyat kollapsı yaratmaqdadır.

Bu gedişat Rusiya “Z-kanalları”nda böyük eyforiya ilə qarşılanır. Körpülərin vurulmasını müharibədə “yeni mərhələ” hesab edənlər iddia edirlər ki, bu yolla Ukraynanın bir neçə aya kapitulyasiyaya məcbur etmək olacaq. Çünki bununla sol sahil və cəbhə xətti təchizatdan məhrum ediləcək. Bəs, bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

Ukrayna üçün Dnepr çayı üzərindəki körpülərin əhəmiyyəti doğrudan da olduqca böyükdür. Əslində, körpülər həmişə Kiyev üçün problem olub. Məhz onların giriş-çıxışında çox vaxt tıxaclar qeydə alınırdı. İndi isə Cənub körpüsünün bağlanması digər körpüləri yükləyir və böyük tıxaclar yaradır.

Hazırda analitiklər Rusiya Dnepr üzərindəki körpüləri kütləvi şəkildə dağıtmağa başlasa, nə baş verəcəyini fəal şəkildə müzakirə edirlər.

Ukraynanın iki yarısını ümumilikdə otuz körpü birləşdirir. Ölkə onlarsız demək olar işləyə, yaşaya bilməz. Kiyevin özündə 11 əsas körpü var. Bu körpülərdən hazırda döyüşlərin getdiyi Şimal cəbhəsinə qədər məsafə 200-250 kilometr, Belarusla sərhədə isə təxminən 100 kilometrdir.

Üstəlik, cəbhəyə yaxın Dnepr və Zaporojye də körpülərlə iki yerə bölünüb. Dneprdə yeddi körpü, Zaporojyedə isə üç körpü var. Bu körpülərdən cəbhə xəttinə məsafə 50-200 kilometrdir.

Həm Kiyev körpüləri, həm də Dnepr və Zaporojye körpüləri Rusiyanın FAB bombalarının zərbə diapazonundadır. Onlara çatmaq üçün Rusiyanın reaktiv PUA-larına, məsafədən asılı olaraq, 10-30 dəqiqə lazımdır.

Eləcə də Kanev, Kremençuk və Çerkassk şəhərlərində də körpülər var. Onlar cəbhədən uzaqdadırlar. Lakin bu körpülərin tutumu azdır və böyük yük axınlarını qəbul edə bilmirlər.


Rusiya indiyə qədər Ukraynanı iki hissəyə bölən Dnepr üzərindəki bu körpülərə demək olar ki, zərbə endirməmişdi. Niyə? Müxtəlif nəzəriyyələr var. Onların ən əsası körpülərin çətin hədəf olmasıdır. Belə ki, körpüləri raketlərlə dəqiq hədəf almaq olduqca çətindir. Üstəlik, onların dayaqları çox möhkəm olduğundan, bir neçə dəqiq raket zərbəsi belə böyük körpüləri dağıda bilmir. Həm də bu körpülər HHM sistemlərilə pis qorunmur. Buna baxmayaraq, Rusiya yeni istifadə etməyə başladığı reaktiv PUA-larla həm daha dəqiq zərbələr endirə bilir, həm də onların sürəti yüksək olduğu üçün Ukrayna HHM sistemləri onları vurmaqda çətinlik çəkirlər. Körpülərə endirilən zərbələrin Rusiyanın “Starlink”-i əvəz edən "Rassvet" sistemi ilə qarşılıqlı əlaqə əsasında həyata keçirildiyi barədə də bəzi iddialar var.

Ancaq bununla yanaşı, bu PUA-lar böyük körpülərin dayaqlarını çökdürmək gücünə malik deyillər. Buna baxmayaraq, onlar körpülər üzərində hərəkəti iflic edə bilirlər. Rusiyanın həmçinin 200 kilometrə qədər mənzilli və onlarla metr dəqiqliyə malik FAB bombaları var, lakin onlar hələ körpülərə qarşı istifadə edilməyib.

Əgər körpülər dağıdılsa, yaxud onların üzərində hərəkət mümkünsüz vəziyyətə gəlsə, Kiyev, Dnepr və Zaporojye şəhərləri yarıya bölünəcək.

Dneprin Ukraynaya aid sol sahilində təxminən 10 milyon insan yaşayır. Cəbhə də sol sahildə yerləşir. Əsas təchizat Avropadan gəlir və onların daşınması üçün körpüləri əvəz edəcək heç nə yoxdur. Cəbhə xətti boyu yerləşən anbarlar isə uzun müddətə bəs etməyəcək. Paddon körpülərdən istifadə edilərsə, onları həm vurmaq asan olacaq, həm də onlar adi körpülər qədər yükötürmə gücünə malki deyillər. Beləliklə, körpülərin dağıdılması bir neçə ay ərzində təchizatdan məhrum edilən bütün cəbhə boyu Ukrayna üçün acınacaqlı vəziyyət yarada bilər.

Humanitar təhlükə də var. Ukrayna kənd təsərrüfatı ölkəsidir və sol sahildə çoxlu ərzaq var. Lakin digər mallar, xüsusən də benzin çatışmazlığı yarana, sol sahildəki Çerniqov, Sumı, Xarkov və Poltava kimi iri şəhərlərin vəziyyəti daha da ağırlaşa bilər.

Bəs, Ukrayna bütün bunların qarşısını necə alacaq? Rusiyanın indiyə qədər Dnepr üzərindəki körpüləri vurmamasının daha bir səbəbi, özü də önəmli səbəbi Ukraynanın mümkün cavab zərbələri olub. Rusiya da körpülərdən olduqca asılı vəziyyətdədir. Öncə qeyd edək ki, artıq Ukrayna da reaktiv PUA-lardan istifadə etməyə başlayıb və onların kütləvi istehsalını təmin edə bilsə, eyni qaydada Rusiyadakı körpüləri hədəf ala biləcək. Buraya ilk növbədə Krım körpüsünü aid etmək olar. Eləcə də, məsələn, Sankt-Petrburq kimi bir çox iri Rusiya şəhərləri körpülərlə ikiyə bölünüb.

Eləcə də Rusiya üçün strateji əhəmiyyət daşıyan və onu iki hissəyə bölən Volqa çayı üzərindəki körpülər hədəfə alına bilər. Volqa üzərində cəmi 10 dəmir yolu körpüsü var. Avtomobil körpüləri daha çoxdur. Amma onlar dəmir yolu körpülərinin əvəzini verə bilmir.

Bir sözlə, müharibə daha bir mərhələyə - körpü savaşı mərhələsinə qədəm qoymaq üzrədir. Rusiya körpüləri vurmaqla Ukraynanı kapitulyasiyaya məcbur edə biləcəkmi? Mütəxəssislər bunun asan olmayacağını, lakin Ukrayna üçün ciddi problemlər yaradacağını bildirirlər...

Cəlal Məmmədli

“AzPolitika.info”  


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol