Müharibə bitəndə atəş səsləri kəsilir. Şəhərlər yenidən qurulur, bayraqlar ucaldılır, qələbə marşları səslənir. Tarixçilər yeni səhifələr açırlar. Lakin səngərdən çıxan insan həmişə əvvəlki insan olmur. Müharibənin ən uzun döyüşü bəzən son güllədən sonra başlayır.
Ernest Heminquey bunu anlayan yazıçılardan biri idi. “Əlvida, silah!” romanında müharibənin insanı necə dəyişdirdiyini göstərirdi. Onun yaradıcılığında müharibə yalnız cəbhədə baş verən hadisə deyil, insanın daxilində iz buraxan təcrübədir.Bəlkə də müharibədən sonrakı cəmiyyət üçün ən çətin sual elə budur-
Qələbədən sonra nə etməli?
8 noyabr 2020-ci il Azərbaycan tarixində bu sualın yeni mərhələsinin başlanğıc nöqtələrindən biridir. Həmin gün Şuşanın azad edilməsi elan edildi. Sonradan 8 noyabr Zəfər Günü kimi təsis olundu.Şuşanın azad edilməsi 44 günlük müharibənin həlledici hadisələrindən biri oldu. Lakin müharibənin sonu çox vaxt hekayənin sonu deyil.
Əsl hekayə ondan sonra başlayır. Tarixi qaliblərin yazdığı kitab adlandırmaq asandır. Amma tarix yalnız dövlət sənədlərindən ibarət deyil. O, bir əsgərin məktubunda, bir ananın yaddaşında, qorunan fotoşəkildə, doğma evin açarında, şairin misrasında da yaşayır.
Ona görə eyni hadisənin bir neçə yaddaşı olur: dövlətin, ailənin, ədəbiyyatın və zamanla formalaşan milli yaddaşın.
Corc Oruellin “1984” romanı yaddaşın cəmiyyət üçün əhəmiyyətini başqa bir müstəvidə göstərir. Keçmiş haqqında təsəvvürlər dəyişdikcə cəmiyyətin gələcəyə baxışı da dəyişə bilər. Biz keçmişi yalnız xatırlayırıq, yoxsa ondan gələcək üçün də nəticələr çıxarırıq?
Azərbaycanın son iki əsrlik tarixinə baxanda bu sualın çəkisi daha da artır. İmperiyalar, müharibələr, dövlət quruluşlarının dəyişməsi, sovet dövrü, repressiyalar, müstəqillik, 20 Yanvar, Qarabağ münaqişəsi və 2020-ci ilin müharibəsi... Hər dövr öz yaddaşını yaradıb.
Yaddaşın əsl gücü keçmişi saxlamaqla yanaşı, ondan hansı gələcəyin qurulacağını müəyyənləşdirməsidir.
Şuşa - şəhərdən yaddaşa
8 noyabrın xüsusi çəkisi həm də Şuşanın özündən gəlir. Şuşa yalnız hərbi-strateji əhəmiyyət daşıyan şəhər deyil. O, Azərbaycanın mədəni yaddaşının əsas ünvanlarından biridir. Vaqifdən Natəvana, Üzeyir Hacıbəylidən Bülbülə qədər Azərbaycan ədəbiyyatı və musiqisinin çoxsaylı simaları bu şəhərlə bağlıdır.Bu baxımdan 8 noyabrı yalnız hərbi tarix kimi oxumaq Şuşanın mənasını daraltmaq olardı.
Şəhəri bərpa etmək mümkündür. Daşları yenidən düzmək, küçələri salmaq, məktəblər, yollar, muzeylər və evlər tikmək mümkündür. Amma yaddaşı tikinti texnikası ilə bərpa etmək olmur.
Çünki orada yalnız binalar deyil, itirilmiş insanlar, yarımçıq qalmış həyat yolları, köçkünlük illəri, şəhidlərin adları və müharibədən sağ çıxanların susqunluğu da yaşayır.Buna görə postmüharibə dövrünün ən böyük layihəsi yalnız fiziki quruculuq deyil.
Əsas məsələ bu yaddaşın gələcək nəsillərə necə ötürüləcəyidir - Qələbədən sonra nə öyrənəcəyik?
Bir nəsil müharibəni yaşadı. Başqa bir nəsil onun nəticələri ilə böyüdü. Qarşıdakı nəsillər isə bu tarixi daha çox kitabdan, filmdən, ailə söhbətlərindən, muzeylərdən və abidələrdən öyrənəcək.
Məhz burada dövlətin, məktəbin, cəmiyyətin və ədəbiyyatın məsuliyyəti başlayır.Gələcək nəsillərə biz nə danışacağıq? Yalnız qələbəni, yoxsa onun qiymətini də? Yalnız qəhrəmanlığı, yoxsa müharibənin insan həyatından apardıqlarını da?
Çünki qələbəni xatırlamaqla müharibəni romantikləşdirmək eyni şey deyil. Qələbənin həqiqi qiymətini anlamaq üçün onun arxasındakı ağrını da unutmaq olmaz.
Yaddaş həm qələbəni qorumağı, həm də müharibədən gələcək üçün dərs çıxarmağı bacarmalıdır. Bu məsələ artıq yalnız mənəvi və tarixi deyil, dövlət siyasətinin də bir hissəsidir.
Prezidentin sərt mesajları və yeni paradiqma
2 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonrakı mərhələni yeni ictimai-siyasi və geosiyasi vəziyyət kimi xarakterizə edib. O, 8 noyabrla yanaşı, 20 sentyabrı da bu mərhələnin əsas tarixləri sırasında qeyd edib və qarşıdakı vəzifələrdən biri kimi hərbi gücün artırılmasını göstərib. Çıxışında informasiya, internet, kiberməkan və süni intellekt mühitində yaranan ideoloji risklərdən danışaraq təhsilin və savadlılığın əhəmiyyətini də vurğulayıb.
Beləliklə, təhlükəsizlik anlayışı yalnız hərbi sahə ilə məhdudlaşmır. Müasir dövlət üçün informasiya, texnologiya, təhsil, ictimai dayanıqlıq və milli yaddaş da təhlükəsizlik məsələləridir.
Qələbədən sülhə
Postmüharibə dövrünün digər mühüm məsələsi sülhün davamlı münasibətə çevrilməsidir.8 avqust 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair sazişin razılaşdırılmış mətni paraflanıb. Azərbaycan və Ermənistan liderləri 2026-cı il avqustun 31-də keçirilən görüşdə sənədin paraflanmasının tarixi əhəmiyyətini bir daha vurğulayıblar. Həmin görüşdə iki ölkə arasında ticarət əlaqələrinin qurulması, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı və üçüncü ölkələrdən malların Azərbaycan ərazisi ilə Ermənistana tranziti də qeyd edilib.
Sazişin paraflanması onun imzalanması və qüvvəyə minməsi ilə eyni mərhələ deyil. Bunun üçün əlavə hüquqi prosedurlar nəzərdə tutulur.
Beləliklə, yeni mərhələnin əsas sualı artıq yalnız “müharibə olacaqmı?”deyil.Daha böyük sual budur ki, müharibədən sonrakı sülh necə davamlı instituta çevriləcək? Burada keçmişin necə xatırlanacağı da mühüm rol oynayır.
Prezident İlham Əliyev 2 oktyabr çıxışında 2018–2020-ci illərin tarixinin xatırlanmasının tarixin təhrif edilməsinə qarşı vasitə olduğunu bildirib və keçmişdə baş vermiş hadisələrin unudulmamasının vacibliyini vurğulayıb. Bu yanaşmada keçmiş təcrübə gələcək təhlükəsizlik siyasətinin əsaslandırılmasının bir hissəsi kimi təqdim olunur. Amma cəmiyyət üçün daha mürəkkəb sual burada başlayır- keçmişi xatırlamaqla ondan dərs çıxarmaq arasında necə sağlam tarazlıq qurmaq olar?
Bir cəmiyyət öz itkilərini unutmamalıdır. Şəhidlərin adları, məcburi köçkünlük təcrübəsi, dağıdılmış şəhərlər və müharibənin ağrısı yaddaşda qalmalıdır.
Amma bu yaddaş gələcəyə baxış üçün də mənəvi dayağa çevrilməlidir.Əgər tarix yalnız qarşıdurmanın ağrısını yaşadırsa, keçmiş bu günün üzərində ağırlaşır. Əgər tarix nəticə çıxarmağı da öyrədirsə, keçmiş gələcəyə xidmət edir. Məhz bu fərq postmüharibə cəmiyyətinin yetkinliyini müəyyənləşdirə bilər.
Son illərin əsas hərbi-siyasi tarixləri arasında 8 noyabr 2020-ci il və 20 sentyabr 2023-cü il xüsusi yer tutur. Birincisi Şuşanın azad edilməsi ilə, ikincisi isə Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnən hadisələrin mühüm tarixi kimi yadda qalıb. Amma qələbənin tarixi nəticəsi bir günlə ölçülmür. Şəhərlər bərpa olunur, insanlar geri qayıdır, məktəblərdə dərsliklər yazılır, filmlər çəkilir, muzeylər yaradılır. Bütün bunların arxasında eyni sual dayanır-biz bu müharibəni necə xatırlayacağıq? Əgər cavab yalnız “biz qalib gəldik” olacaqsa, bu, qələbənin yalnız bir tərəfidir.
Daha böyük suallar da var -Niyə müharibə oldu? Nə itirdik? Nə qazandıq? Nə öyrəndik? Və ən vacibi - gələcəkdə eyni faciənin təkrarlanmaması üçün nə etməliyik?
Bu sualların cavabı qələbənin özündən daha uzunömürlü ola bilər. Tarix qaliblərin kitabıdırmı? Bəlkə də tarix qaliblərin yazdığı kitab deyil.
Qaliblər onun ilk səhifələrini yaza bilərlər. Amma sonrakı səhifələri zaman, yaddaş və gələcək nəsillər yazır.
Müharibənin müxtəlif tərəflərində yaşamış insanların xatirələri, ailələrin qoruduğu yaddaş, şairlərin yazdıqları və tarixçilərin araşdırmaları illər keçdikcə həmin səhifələri yenidən oxumağa məcbur edir.
8 noyabr da gələcəkdə belə oxunacaq. Tarixçi yalnız Şuşanın hansı gün azad edildiyini yazmayacaq. O, həmin qələbənin Azərbaycan cəmiyyətini necə dəyişdirdiyini də araşdıracaq: şəhərlərin necə bərpa edildiyini, insanların necə qayıtdığını, dövlət siyasətinin necə dəyişdiyini və müharibə yaddaşının yeni nəsildə necə formalaşdığını.
Bəlkə də ən mühüm sual belə olacaq- Azərbaycan qələbədən sonra nə etdi? Çünki qələbənin əsl sınağı yalnız qələbə anında deyil, ondan sonrakı davranışdadır.
Gücü necə qorudu? Sülhü necə qurdu? Yaddaşı necə yaşatdı? Yeni nəsli keçmişin təcrübəsi ilə necə böyütdü? Şuşanı yalnız daş və divar kimi, yoxsa mədəni yaddaşın canlı mərkəzi kimi bərpa edə bildi?
Müharibənin ağrısını yalnız xatırladı, yoxsa ondan dərs də çıxardı? Bütün bunlar 8 noyabrın gələcəkdəki həqiqi mənasını müəyyənləşdirəcək. Müharibə bir gün bitir. Atəş səsləri kəsilir. Şəhərlər yenidən qurulur. Bayraqlar yenidən ucalır. Amma tarix davam edir.
Çünki müharibədən sonra daha uzun bir mərhələ başlayır - keçmişi necə xatırlayacağımızı və ondan hansı gələcəyi quracağımızı müəyyənləşdirən mərhələ.
Qələbənin tarixdəki əsl mənası yalnız necə qazanıldığı ilə deyil, ondan sonra necə yaşandığı ilə müəyyənləşir…


Şərhlər