Azərbaycanın müasir tarixində Ulu Öndər Heydər Əliyevin siyasi irsi ölkənin müstəqil dövlət kimi formalaşması və möhkəmlənməsində mühüm rol oynayıb. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğunun əsasları möhkəmləndirilib, Azərbaycanın gələcək inkişaf strategiyası müəyyənləşdirilib. Bu siyasi xəttin sonrakı illərdə davam etdirilməsi isə ölkənin iqtisadi, siyasi və hərbi potensialının güclənməsinə, nəticə etibarilə ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi prosesin əsasını təşkil edib.
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, YAP-ın yaradılması Azərbaycanın siyasi tarixində mühüm mərhələnin başlanğıcı oldu:
"Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi hadisələrindən biri hesab olunur. Partiyanın təsis edilməsi ölkədə mürəkkəb ictimai-siyasi proseslərin getdiyi, dövlətçiliyin ciddi sınaqlardan keçdiyi bir dövrə təsadüf edib. YAP-ın yaranması həmin dövrün siyasi reallıqlarından irəli gələn zərurət idi.
Belə ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda olduqca ağır siyasi və sosial-iqtisadi vəziyyət hökm sürürdü. Ölkədə ciddi idarəçilik problemləri, siyasi qarşıdurmalar və qeyri-sabitlik var idi. Dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar mövcud idi. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm siyasi hadisə idi.

1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayında 550-dən çox nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında mühüm siyasi qüvvəyə çevrildi. Burada əsas məqam ondan ibarətdir ki, YAP-ın yaranması yalnız yeni bir siyasi təşkilatın meydana çıxması deyildi.
Bu proses eyni zamanda həmin dövrdə ölkənin qarşılaşdığı ciddi problemlərin aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri dövlətçiliyin qorunması və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi idi.
Sonrakı dövrdə bu siyasi xətt davam etdirildi və ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrildi. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi mərhələlərindən biri kimi qiymətləndirmək mümkündür”.
Ekspert əlavə edib ki, bu gün YAP-ın fəaliyyəti ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davam etdirilməsi kontekstində təqdim olunur: Partiyanın formalaşdığı dövrün siyasi reallıqlarını nəzərə almadan YAP-ın Azərbaycanın sonrakı siyasi tarixindəki rolunu tam şəkildə dəyərləndirmək mümkün deyil".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər