Menu

ZƏFƏRDƏN YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ... – Və ya Azərbaycanın qarşısında duran strateji vəzifələr

03.10.2026, 17:53
ZƏFƏRDƏN YENİ İNKİŞAF MƏRHƏLƏSİNƏ... – Və ya Azərbaycanın qarşısında duran strateji vəzifələr

YAP-ın VIII Qurultayı Azərbaycanın müasir tarixində mühüm mərhələnin başa çatdığı və ölkənin qarşısında yeni vəzifələrin formalaşdığı bir dövrdə keçirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ilin sentyabrında Azərbaycanın öz suverenliyini tam bərpa etməsi ölkənin qarşısında dayanan əsas tarixi vəzifəni – ərazi bütövlüyünün və suverenliyin təmin olunmasını reallaşdırdı.

Prezident İlham Əliyevin qurultaydakı çıxışının əsas xüsusiyyətlərindən biri də məhz bu nəticələri yalnız keçmişin yekunu kimi deyil, Azərbaycanın gələcək inkişafı və milli təhlükəsizliyi üçün yeni başlanğıc nöqtəsi kimi təqdim etməsidir.

Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanın qarşısında yeni strateji gündəm yaranıb. Artıq əsas məsələ yalnız əldə edilmiş Zəfəri qorumaq deyil, onun yaratdığı imkanlardan istifadə etməklə güclü, təhlükəsiz, iqtisadi və siyasi baxımdan müstəqil dövlət modelini daha da möhkəmləndirməkdir. Bunun üçün hərbi gücün artırılması, milli təhlükəsizliyin yeni təhdidlərə uyğun qurulması, informasiya və ideoloji təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, iqtisadi-maliyyə müstəqilliyinin möhkəmləndirilməsi və müstəqil xarici siyasətin daha fəal şəkildə davam etdirilməsi qarşıda duran əsas vəzifələr kimi müəyyənləşir.

Bu kontekstdə Azərbaycanın 2020 və 2023-cü illərdə əldə etdiyi Zəfərin yalnız ölkənin ərazi bütövlüyü baxımından deyil, beynəlxalq münasibətlər sistemi baxımından da əhəmiyyəti ayrıca diqqət çəkir. Çünki bu nəticələr mürəkkəb geosiyasi şəraitdə, müxtəlif xarici qüvvələrin maraqlarının toqquşduğu və böyük güclərin proseslərə təsir göstərdiyi bir şəraitdə əldə olunub. Bu baxımdan Azərbaycan təcrübəsi ərazi bütövlüyü və suverenliyin bərpası məsələsində yeni siyasi-hərbi reallıq yaradıb.

Prezident İlham Əliyevin çıxışını təhlil etdikdə, Azərbaycanın keçdiyi yolu üç əsas mərhələdə təqdim etmək mümkündür: 

Birinci mərhələ – 27 sentyabr – 10 noyabr 2020-ci il: Ermənistan üzərində hərbi qələbənin əldə olunması və 10 noyabr üçtərəfli bəyanatı ilə yeni siyasi-hərbi reallığın formalaşması;

İkinci mərhələ – 10 noyabr 2020 – 20 sentyabr 2023-cü il: Azərbaycanın tam suverenliyinin bərpası üçün siyasi, diplomatik və hərbi zəminin hazırlanması;

Üçüncü mərhələ – 20 sentyabr 2023-cü il: Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası, Qarabağda separatçı rejimin fəaliyyətinə son qoyulması və ölkə ərazisində vahid dövlət idarəçiliyinin təmin edilməsi.

Yəni əvvəlcə Ermənistan üzərində hərbi qələbənin əldə olunması, daha sonra tam suverenliyin bərpası üçün siyasi və hərbi zəminin hazırlanması və nəhayət, 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin edilməsi.

Bu üç mərhələ Azərbaycanın son illərdə keçdiyi yolun yalnız hərbi deyil, eyni zamanda siyasi, diplomatik və dövlətçilik baxımından bütöv bir proses olduğunu göstərir. Bundan sonrakı mərhələ isə əldə olunmuş Zəfərin nəticələrinin qorunması və onun əsasında Azərbaycanın milli gücünün daha da artırılmasıdır.

Qqarşıdakı mərhələnin əsas sualı isə Zəfərlə əldə edilmiş yeni reallığı necə qorunmalı, gücləndirilməli və Azərbaycanın uzunmüddətli inkişafının əsas dayağına çevirmək olmalıdır..

Birinci mərhələ, məlum olduğu kimi,  noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla başa çatır. Azərbaycanın rəsmi mövqeyinə görə, bu müharibə nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi və 10 noyabr 2020-ci il bəyanatı ilə hərbi əməliyyatlara son qoyuldu. Prezident sonrakı çıxışlarında bu sənədi Ermənistanın kapitulyasiyasını təsdiqləyən sənəd kimi xarakterizə edib.

Bu mərhələnin əsas nəticəsi yalnız ərazilərin azad edilməsi deyildi. 2020-ci ilin noyabrından etibarən Azərbaycan əvvəlki status-kvonu dəyişdirən yeni siyasi-hərbi reallıq yaratdı.

İkinci mərhələ daha mürəkkəb xarakter daşıyır. Çünki 10 noyabr 2020-ci ildən sonra Azərbaycanın qarşısında yalnız azad edilmiş ərazilərin bərpası yox, ərazi bütövlüyünün faktiki olaraq tam təmin edilməsi və Qarabağ üzərində dövlət suverenliyinin bərpası vəzifəsi dayanırdı.

VIII Qurultaydakı çıxışda Prezident bu dövrdə bir neçə istiqamətdə paralel fəaliyyət aparıldığını bildirir: siyasi-diplomatik mübarizə, beynəlxalq təşkilatlarda mövqelərin müdafiəsi, Qarabağda strateji mövqelərin möhkəmləndirilməsi və bir sıra qısamüddətli hərbi əməliyyatlar. Onun izahına görə, bütün bunlar 20 sentyabr 2023-cü il hadisələrinə aparan siyasi və hərbi zəminin formalaşdırılmasına xidmət edib. 

Bu baxımdan 2020–2023-cü illəri sadəcə “müharibədən sonrakı dövr” adlandırmaq kifayət deyil. Bu dövrü Zəfərin nəticələrinin siyasi-hüquqi və hərbi baxımdan tamamlanması mərhələsi kimi təqdim etmək daha məntiqlidir.

Üçüncü mərhələ 2023-cü il sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri və sentyabrın 20-də əldə edilən nəticələrlə tamamlanır.  Bu antiterror tədbirlərinin nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdii və tarixi bir zəfər qazandı. Təsadüfü deyil ki, Prezident YAP-ın VIII Qurultaydakı çıxışında da 20 sentyabr 2023-cü il ayrıca tarixi Zəfər kimi təqdim etdi.  Prezident bu tarixin separatizmə və işğala son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu bəyan etdi.  

Zəfərin qlobal əhəmiyyəti

Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışında diqqətçəkən fikirlərindən biri də 2020 və 2023-cü illərdəki qələbələrin yalnız milli tarix kontekstində deyil, beynəlxalq münasibətlər sistemi baxımından da əhəmiyyətli hadisə kimi təqdim etçəsidir.

Prezident çıxışında bildirir ki, bu iki hərbi Zəfər Azərbaycan və Azərbaycan xalqı üçün olmaqla yanaşı, “bütün dünya üçün böyük önəm” daşıyır. Burada əsas arqument yeni presedentin yaranmasıdır. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan böyük güclərin müqaviməti fonunda öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Bi isə o deməkdir ki, Azərbaycanın Zəfəri yalnız işğal edilmiş ərazilərin qaytarılması deyil, uzun müddət davam edən və həll olunmamış münaqişənin hərbi-siyasi yolla yeni reallıqla nəticələnməsi baxımından ayrıca nümunədir.

Burada xüsusilə 1990-cı illərdən etibarən fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini qeyd etmək lazımdır. Prezident çıxışında Minsk qrupunun münaqişənin həllindən daha çox onun dondurulmasına xidmət etdiyini bir daha bəyan etməklə, Azərbaycanın Qarabağda Zəfərə gedən yolunun nə qədər çətin və mürəkkəb olduğunu, uzun illər ərzində nəticəsiz diplomatik prosesin, beynəlxalq güclərin fərqli mövqelərinin və mövcud status-kvonun dəyişdirilməsinə qarşı müqavimətin aradan qaldırılmasının tələb olunduğunu yada saldı.

Zəfərin əhəmiyyətini artıran ikinci məqam da məhz onun mürəkkəb geosiyasi şəraitdə əldə edilməsiidi. Prezident çıxışında da 44 günlük müharibənin ilk günlərindən Azərbaycana həm açıq, həm də qapalı kanallarla ciddi təzyiqlər göstərildiyini bildirir və həmin təzyiqlərin Azərbaycanın hərbi-siyasi kursunu dəyişmədiyini vurğuladı. 

Prezidentin fikirləri göstərir ki, bu qələbə yalnız lokal xarakter daşımaır. Azərbaycan bu tarixi nailiyyəti məhz gərgin geosiyasi şəraitdə, dünyanın böyük güclərinin açıq və ya gizli müqaviməti, ikili standartlar mühitində əldə etdi. Bununla da qlobal miqyasda kiçik və orta dövlətlər üçün böyük güclərin iradəsinə boyun əymədən milli maraqları qorumağın mümkünlüyünü sübut edən yeni presedent yarandı.

Zəfərdən sonrakı əsas məsələ: güclü dövlətin qorunması

Çıxışın ən mühüm xüsusiyyətlərindən biri də budur ki, Prezident 2020 və 2023-cü illərin nəticələrindən sonra təhlükəsizlik məsələsinin arxa plana keçmədiyini, əksinə, yeni şəraitdə daha da aktuallaşdığını bildirir.

Bu kontekstdə birinci vəzifə kimi hərbi gücün artırılması göstərilir. Prezident bunu Ermənistanla hazırkı münasibətlərdən daha geniş, dəyişən beynəlxalq təhlükəsizlik mühiti ilə əlaqələndirir. Çıxışda 2027-ci ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyard manat nəzərdə tutulduğu da bildirilir.

Burada mühüm  məqam ondan ibarətdir ki, hərbi güc artıq yalnız müharibə aparmaq vasitəsi kimi deyil, müharibənin qarşısını almaq və dövlətə qarşı mümkün təhdidləri çəkindirmək vasitəsi kimi təqdim edilir.

Bununla da Prezidentin çıxışın təhlükəsizlik fəlsəfəsində "güclü olmaq → potensial təhdidin qarşısını almaq → sülh və sabitliyi qorumaq” məntiqi ön plana çıxır.

 Milli təhlükəsizliyin yeni ölçüsü – ideoloji təhlükəsizlik

Prezidentin çıxışının diqqətçəkən yeni istiqamətlərindən biri fiziki təhlükəsizliklə ideoloji təhlükəsizliyin eyni səviyyədə nəzərdən keçirilməsidir. Prezident internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklərin dövlət sərhədləri ilə məhdudlaşmadığını vurğulayır.

Buradan milli təhlükəsizlik anlayışının genişləndirilməsi nəticəsi çıxır: hərbi təhlükəsizlik; sərhəd təhlükəsizliyi; informasiya təhlükəsizliyi; ideoloji təhlükəsizlik; kiber təhlükəsizlik; cəmiyyətin informasiya savadlılığı.

Bu sistemdə təhsil xüsusi yer tutur.  Prezidentin çıxışda da savadlı və bilikli cəmiyyətin yalan, şayiə və dezinformasiyaya qarşı daha dayanıqlı ola biləcəyi vurğulanır. Cəmiyyətin təhsilli, bilikli və savadlı olması dezinformasiyalara və xarici yalanlara qarşı ən güclü immun sistemidir. 44 günlük müharibə bir daha sübut etdi ki, xalq vahid ideya və milli hədəf ətrafında birləşdikdə, arxasında ATƏT-in Minsk Qrupu kimi nəhəng siyasi qüvvələr dayanan düşməni belə məğlub edə bilər.

Deməli, qarşıdakı mərhələdə milli təhlükəsizlik təkcə ordunun və təhlükəsizlik strukturlarının fəaliyyəti ilə məhdudlaşdırılmır; insan kapitalı da milli təhlükəsizliyin komponentinə çevrilir.

Prezidentin çıxışında ideoloji təhlükəsizlik məsələsinin ikinci sütunu kimi çıxışda vətənpərvərlik və milli birlik göstərilir. Burada 44 günlük müharibənin təcrübəsi xüsusi nümunə kimi təqdim olunur. Prezident Azərbaycanın böyük güclərin müqaviməti fonunda qələbə qazandığını vurğulayaraq bunu xalqın vahid mövqeyi və dövlətin siyasi iradəsi ilə əlaqələndirir. 

Azərbaycanda daxili risk mənbələrinin tamamilə aradan qaldırıldığı, bütün təhlükə risklərinin isə sərhədlərdən kənarda formalaşdığı vurğulanır. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycana qarşı yönələn istənilən təxribat və zərbə heç vaxt cavabsız qalmır; əksinə, adekvat olaraq birə-bir deyil, qat-qat artıq  zərbə ilə neytrallaşdırılır. Bu, öz gücünə güvənən, heç bir kənar təzyiqə boyun əyməyən müstəqil dövlətin siyasi iradəsidir.

Prezident çıxışındsa xüsusilə diqqət çəkən yeni məqam — Azərbaycandan kənarda Azərbaycan dilində formalaşdırılan informasiya resurslarının əslində daxili ictimai rəyi qarışdırmaq məqsədi güdən alət olması həqiqətinin cəmiyyətə çatdırılmasıdır.

Prezident eyni zamanda şablonlardan və formal xarakter daşıyan tədbirlərdən imtina edilməsini, müasir ideoloji iş metodlarının tətbiqinin vacibliyini bildirir. Eyni zamanda, Azərbaycanın reallıqlarının və həyata keçirilən işlərin vətəndaşlara düzgün çatdırılmasını əsas vəzifələrdən biri kimi göstərir.

Bununla Prezident yeni dövrün vəzifəsini müəyyənləşdirir: müasir ideoloji fəaliyyətin məqsədi reallığı şişirtmək deyil, real nəticələri cəmiyyətə anlaşılan, müasir və inandırıcı kommunikasiya vasitələri ilə çatdırmaq olmalıdır.

Bu, həm də informasiya mühitində rəqabətin dəyişdiyini göstərir. Artıq dövlət siyasətinin izahı yalnız televiziya, qəzet və rəsmi çıxışlarla məhdudlaşmır; sosial şəbəkələr, rəqəmsal media, süni intellekt və müxtəlif informasiya platformaları da ictimai rəyin formalaşmasında iştirak edir.

Müstəqil xarici siyasət – milli təhlükəsizliyin xarici dayağı

Prezidentin çıxışında əsas istiqamətlərdən bir müstəqil və fəal xarici siyasətdir. Prezident Azərbaycanın müxtəlif geosiyasi qütblərlə münasibətlər saxlamasını ayrıca üstünlük kimi təqdim edir və ölkənin heç bir düşərgəyə qoşulmadığını bildirir. Eyni zamanda, xarici siyasətin bundan sonra daha fəal və fəalyönümlü olması fikrini irəli sürür.

Bu yanaşmanı üç əsas istiqamətdə ümumiləşdirmək olar:

Birincisi – çoxşaxəli əlaqələr. Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə münasibətləri paralel inkişaf etdirməyə çalışır.

İkincisi – beynəlxalq platformalarda fəallıq. Azərbaycanın Qoşulmama Hərəkatı, Mərkəzi Asiya Məşvərət Görüşləri, D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti dünyada nümunə kimi qəbul edilir. Prezident də buna vurğu salır.

Üçüncüsü – vasitəçilik və dialoq platforması. Prezident müxtəlif qütblər arasında ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycanın beynəlxalq görüş və təmaslar üçün məkan kimi seçilməsini ölkəyə olan etimadla əlaqələndirir. Azərbaycan dövlətinin bu siyasəti davam etdirəcəyini bəyan edir. 

Prezident iqtisadi və maliyyə sabitliyini  də Azərbaycanın mühüm uğur amili kimi təqdim edir. Çıxışda böyük hərbi, sərhəd və Qarabağın bərpası xərclərinə baxmayaraq valyuta ehtiyatlarının artdığı vurğulanır.  Müstəqil maliyyələşmə: Azərbaycan öz təhlükəsizliyini və hərbi arsenalını heç bir təmənnasız yardımlara və ya himayədarlığa bağlamayıb. 

Prezident İlham Əliyevin dediyi kimi: “Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər”. Bu, həm də tam suveren xarici siyasətin iqtisadi təməlidir.

Bu baxımdan gələcək üçün belə bir nəticə formalaşdırmaq olar: Ərazi bütövlüyünün bərpası hərbi mərhələni tamamladı, lakin Zəfərin qorunması və inkişaf etdirilməsi üçün milli birlik, vətəndaş həmrəyliyi və vətənpərvərlik davamlı resurs olaraq qalır.

Bu yanaşma milli təhlükəsizliklə iqtisadi inkişaf arasında birbaşa əlaqə yaradır: güclü iqtisadiyyat → maliyyə müstəqilliyi → müdafiə qabiliyyəti → siyasi müstəqillik.

Başqa sözlə,  Prezidentin çıxışın ümumi fəlsəfəsində hərbi güc və iqtisadi güc bir-birindən ayrı deyil, milli gücün qarşılıqlı tamamlayan iki komponenti kimi təqdim olunur.

Beləliklə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında  2020-ci il Zəfəri ərazi bütövlüyünün bərpasına, 2023-cü il antiterroe əməliyyatı isə dövlət suverenliyinin tam bərpasına gətirib çıxaran iki əsas mərhələ kimi təqdim olunur. Prezidentin çıxışında isə bu nəticələr artıq keçmişin yekunu kimi deyil, yeni dövlətçilik və inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi nəzərdən keçirilir. 

Bu çərçivədə qarşıda duran vəzifələr beş əsas sütunda ümumiləşdirilə bilər:

-Hərbi gücün və milli təhlükəsizliyin davamlı gücləndirilməsi;

-İdeoloji və informasiya təhlükəsizliyinin təmin edilməsi;

-Təhsil, bilik və vətənpərvərlik vasitəsilə cəmiyyətin dayanıqlığının artırılması;

-Müstəqil, çoxşaxəli və fəal xarici siyasətin davam etdirilməsi;

-İqtisadi və maliyyə müstəqilliyinin möhkəmləndirilməsi.

Beləliklə, Prezident İlham Əliyevin çıxışında irəli sürülən tezislər göstərir ki, Azərbaycan üçün Zəfər yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yekunlaşan tarixi hadisə deyil, eyni zamanda ölkənin milli təhlükəsizlik, siyasi müstəqillik, iqtisadi dayanıqlılıq və davamlı inkişaf baxımından yeni mərhələyə keçidini şərtləndirən strateji dönüş nöqtəsidir. Qarşıdakı əsas vəzifə isə əldə olunmuş nəticələri qorumaq, milli gücü daha da artırmaq və Azərbaycanın müstəqil inkişaf yolunu yeni geosiyasi reallıqlara uyğun şəkildə davam etdirməkdir.

İsmayıl İsmayılbəyli

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol