Menu

İQTİSADİ GÜC, SOSİAL ARTIMLAR, VƏTƏNDAŞ RİFAHI... – Prezidentin qurultaydan verdiyi mesajlar

03.10.2026, 19:41
İQTİSADİ GÜC, SOSİAL ARTIMLAR, VƏTƏNDAŞ RİFAHI... – Prezidentin qurultaydan verdiyi mesajlar

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı siyasi kulisdə yalnız partiyadaxili məsələlərlə deyil, dövlətin gələcək inkişaf kursunu, iqtisadi dayanıqlılıq çərçivəsini və regional mesajlarını müəyyənləşdirməsi ilə diqqət çəkdi. Bir neçə fərqli istiqaməti əhatə edən çıxış həm keçilən yola soyuqqanlı baxış, həm də qlobal dalğalanmalar fonunda Azərbaycanın milli təhlükəsizlik və iqtisadi inkişaf strategiyasının konturlarını ortaya qoydu.

Dünyanın aparıcı ölkələri trilyonlarla ölçülən borc burulğanında vurnuxduğu bir vaxtda Bakının ortaya qoyduğu maliyyə mənzərəsi xarici maliyyə qurumlarının xüsusi diqqətini çəkir. Azərbaycanın xarici borcunun ölkə iqtisadiyyatına (ÜDM-ə) nisbətini cəmi 5,6 faiz səviyyəsində saxlaması hazırkı qlobal şəraitdə diqqətçəkən mənzərədir.

Dünyanın nəhəng kredit agentlikləri – Fitch Ratings, Moody’s və S&P Global Ratings – də verdikləri son rəylərdə bu faktı təsdiqləyirlər:

Fitch Ratings: Ölkənin kredit reytinqini investisiya səviyyəsində (“BBB-”) saxlayaraq bildirir ki, Azərbaycanın valyuta ehtiyatlarının 93 milyard dollara yaxınlaşması xarici təzyiqlərə və iqtisadi dalğalanmalara qarşı mühüm maliyyə buferidir.

Moody’s: Azərbaycanın gələcək görünüşünü “Pozitiv” qiymətləndirir. Agentlik ölkənin xarici borclardan asılılığının aşağı olmasını və regional tranzit qovşağına çevrilməsini əsas üstünlüklər sırasında göstərir.

S&P Global: Dövlət Neft Fondunun zəngin aktivlərini və dövlət borcunun aşağı səviyyədə olmasını Azərbaycanın dünya bazarlarındakı qiymət dəyişikliklərinə qarşı maliyyə dayanıqlığını artıran amillər kimi vurğulayır.

Ordu quruculuğuna və Qarabağla Şərqi Zəngəzurun bərpasına ayrılan böyük xərclərə baxmayaraq, valyuta ehtiyatlarının 90 milyard dollarlıq tarixi həddi aşması Azərbaycanın mövcud xarici borcunu ödəmək imkanlarının yüksək olduğunu göstərir.

Digər diqqətçəkən məqamlar isə ölkəyə axan xarici kapital və yeni logistika xəritəsidir. Belə ki, iki Beynəlxalq İnvestisiya Forumunda ümumilikdə 30 trilyon dollarlıq nəhəng aktivləri idarə edən maliyyə qurumlarının iştirak etməsi və 20 milyard dollardan çox müqavilənin bağlanması Azərbaycan iqtisadiyyatına olan marağın və etimadın göstəricisi kimi təqdim olunur. Qlobal nəqliyyat marşrutlarının yenidən qurulduğu bir vaxtda Azərbaycan tranzit yükdaşıma həcmini 16 milyon tona çatdırıb və növbəti mərhələdə bu rəqəmi 30 milyon tona qaldırmağı hədəfləyir.

Dövlət başçısının daxili auditoriyaya yönəlmiş ən mühüm mesajlarından biri 2027-ci ildən etibarən əhalinin sosial müdafiəsinin yeni mərhələyə keçməsi – minimum əməkhaqqı, pensiya və müavinətlərin növbəti dəfə artırılması ilə bağlı tapşırıqları oldu.

Prezident İlham Əliyev bu istiqamətdə dövlətin mövqeyini belə açıqladı: “Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür.

Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib – bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır – həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna.

Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli – özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər – insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər”.

Dövlət başçısının bu bəyanatları fonunda 2027-ci ilin dövlət büdcəsi həm artan dövlət xərcləri, həm də aydın görünən sosial prioritetləri ilə diqqət çəkəcək. Bildirildi ki, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış proqramı, müdafiə və təhlükəsizlik potensialının gücləndirilməsi və “yaşıl enerji” layihələri büdcə xərclərini təbii olaraq artırır. Büdcə yükünün artmasına baxmayaraq, dövlət sosial xərcləri – səhiyyə, təhsil və sosial müdafiə – iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi saxlayır. Bu, iqtisadi artımın bəhrəsinin birbaşa vətəndaşların rifahına yönəldilməsi strategiyası  hesab oluna bilər.

Prezidentin verdiyi tapşırıq praktiki müstəvidə yalnız minimum əməkhaqqı alanları deyil, zəncirvari reaksiya ilə Vahid Tarif Cədvəlinin (VTC) bütün 19 pilləsini əhatə edəcək. Hazırda VTC üzrə ən aşağı maaş dərəcəsi 400 manat, ən yüksək hədd isə 1150 manat təşkil edir.

Minimum həddin yüksəlməsi dövlət büdcəsindən maaş alan minlərlə insanın – mədəniyyət, səhiyyə, təhsil, kommunal, meliorasiya və nəqliyyat sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşlarına birbaşa müsbət təsir göstərə bilər.

Elm və Təhsil Nazirliyi, eləcə də TƏBİB sistemində sertifikasiya və keyfiyyət meyarlarına görə əlavə ödənişlər tətbiq olunsa da, dərəcələrarası fərqin gözlənilməsi prinsipinə əsasən, bu sahələrdə də aşağı dərəcəli işçilərin gəlirlərində adekvat artımlar gözlənilir.

YAP-ın VIII Qurultayında prezidentin verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın iqtisadi modelinin təməlində iki əsas sütun dayanır: milli təhlükəsizlik və vətəndaş rifahı. Qlobal maliyyə bazarlarındakı çalxalanmalara və nəhəng bərpa-quruculuq xərclərinə baxmayaraq, xarici borcun minimumda saxlanılması, valyuta ehtiyatlarının rekord həddə çatdırılması və milyardlarla dollarlıq investor etimadının qazanılması Azərbaycanın maliyyə dayanıqlılığını gücləndirən əsas amillər hesab oluna bilər.

2027-ci ilin dövlət büdcəsi və nəzərdə tutulan sosial paket göstərir ki, toplanan iqtisadi potensial və xarici kapital birbaşa milli maraqlara və cəmiyyətin sosial rifahına xidmət edir. Bu isə dəyişən qlobal konyunkturada Azərbaycanın seçdiyi strateji xəttin uzunmüddətli perspektivdə qorunduğunu bir daha nümayiş etdirir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol