Menu

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda güzəşt edilə bilər

05.10.2026, 15:26
Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda güzəşt edilə bilər

Kredit borcu olan vətəndaşları maraqlandıran əsas suallardan biri borcun hansı hallarda qanuni əsaslarla tam və ya qismən silinə bilməsidir. Xüsusilə, maddi çətinlik yaşayan şəxslər kredit öhdəliyinin azaldılması və ya borcun müəyyən hissəsindən azad olunma imkanlarını araşdırırlar.

Bəs qanunvericilikdə bununla bağlı hansı imkanlar nəzərdə tutulur? Vətəndaş kredit borcunun silinməsi və ya azaldılması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, kredit borcunun tam və ya qismən silinməsi müəyyən hallarda qanunvericiliklə nəzərdə tutulan mexanizmlər əsasında mümkün ola bilər. Lakin bu, borcalanın sadəcə müraciəti ilə avtomatik həyata keçirilən proses deyil:

"Kreditin silinməsi məsələsi konkret vəziyyətdən, borcun yaranma səbəbindən və borcalanın maliyyə imkanlarından asılıdır. Bankla borcalan arasında qarşılıqlı razılaşma olduqda kreditin müəyyən hissəsinin silinməsi və ya restrukturizasiya edilməsi mümkündür. Xüsusilə, borcalanın ödəmə qabiliyyətini itirdiyi və kreditin əvvəlki şərtlərlə ödənilməsinin real olmadığı hallarda bankla yeni qrafikin razılaşdırılması gündəmə gələ bilər. Borcun tam silinməsi isə xüsusi hallarda mümkün olur və bunun üçün hüquqi əsas lazımdır. Məsələn, məhkəmə qərarı, qanunvericilikdə nəzərdə tutulan müəyyən prosedurlar və ya kreditorla bağlanmış xüsusi razılaşma belə əsaslardan ola bilər".

Asif İbrahimovun fikrincə, vətəndaş ilk növbədə kredit müqaviləsini və banka olan borcun strukturunu dəqiq araşdırmalıdır:

"Daha sonra banka yazılı müraciət edərək borcun restrukturizasiyasını, faiz və dəbbə pullarının azaldılmasını və ya digər güzəştlərin tətbiqini tələb edə bilər. Bankın cavabı vətəndaşı qane etmədikdə isə hüquqi mexanizmlərdən istifadə etmək mümkündür. Vətəndaşların "müəyyən müddət kredit ödəmədikdə borc avtomatik silinir” kimi yanlış təsəvvürlərə düşməsi düzgün deyil. Kredit öhdəliyinin yerinə yetirilməməsi əksinə, əlavə faizlərin, cərimələrin və məhkəmə mübahisələrinin yaranmasına səbəb ola bilər. Bu baxımdan borcalan problemin böyüməsini gözləmədən banka müraciət etməli, maliyyə vəziyyətini əsaslandırmalı və mümkün güzəştlərlə bağlı rəsmi danışıqlara başlamalıdır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol