Ötən gecə Rusiya qüvvələri Zaporojye şəhərində Dnepr çayı üzərindəki körpüyə zərbə endirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasının rəhbəri Mixail Semikin rəsmi məlumat yayıb.
Ukrayna mediasında dərc edilən məlumata görə, hücum nəticəsində beş nəfər yaralanıb. Onlardan ikisi Qırmızı Xaç təşkilatının nümayəndələri olub. Yolun zədələnməsi səbəbindən körpüdə nəqliyyat müvəqqəti olaraq bağlanıb.
Bundan əvvəl Rusiya ordusu Kiyevdə Dnepr üzərindəki körpülərə zərbə endirməyə başlayıb. İlk zərbə oktyabrın 1-də Ukrayna paytaxtındakı Cənub körpüsünə iki dron tərəfindən endirilib. Sonrakı 24 saat ərzində körpüyə daha iki dəfə hücumu olub.
Oktyabrın 3-də Rusiya reaktiv dronları Kiyevdəki Şimal körpüsünü hədəf alıb. Dronlar həmçinin körpüyə 4 oktyabrda, Almaniya kansleri Fridrix Mertsin Ukrayna paytaxtına səfəri günü zərbə endirib. Merts bu cür zərbələri müharibə cinayətləri adlandırıb. Bütün hallarda yol örtüyü də daxil olmaqla, keçidlər zədələnib. Körpülərdə nəqliyyatın hərəkəti dayandırılıb və bu da Kiyevdə tıxaclara səbəb olub.
Rusiya Müdafiə Nazirliyi hücumları təsdiqləyərək körpülərin qoşunların hərəkəti və Donetsk bölgəsində Ukrayna ordusuna hərbi təchizat üçün istifadə edildiyini bildirib.
“AzPolitika.info”


Şərhlər